Hadı Rəcəbliyə məsləhət...

Hazırda oxunan: Hadı Rəcəbliyə məsləhət...

72264
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu yaxınlarda müsahibə verib. Jurnalistin “Məzənnə siyasətinin dəyişməsindən sonra ölkədə xüsusən də gənc, eləcə də imkansız ailələrin öz təminatını yaxşılaşdırması üçün nə tövsiyə edirsiz?”x9d sualını da uzun-uzadı cavablayıb. Bu cavabını ədəbi təsvir vasitələri ilə də bəzəyib. Hadı bəy məzənnə ilə bağlı siyasətin dəyişməsini xəstənin müalicə prosesinə bənzədib. Hələ kapitalizm və sosializmla bağlı da müəyyən bənzətmələr edib. Öz aramızdır, Hadı bəy, yaxşı yazıçılıq istedadınız var.

Bu gün Hadı Rəcəbli millət vəkilidir. O millət ki, içində həm həkimi, həm mühəndisi, həm şairi, həm aktyoru, həm alimi və başqa neçə-neçə peşə sahiblərini birləşdirir. Lakin burda önəmli bir həqiqət var. Həkimi həkim olmaq üçün, mühəndisi mühəndis olmaq üçün, alimi alim olmaq üçün də müəllimə möhtacdır. Hələ daha çox istedad tələb edən şairlik, yazıçılıq, aktyorluq da qələm tutmağı, yazmağı müəllimdən öyrənir. Lap elə müəllimin özü də bir müəllimə möhtacdır. Biz müəllimlərə, müəllimlik kimi əzəmətli peşəyə bu qədər möhtac ikən onu başqa bir işə möhtac etmək, onun biliyini məhv etmək millətə vəkillik deyil, düşmənlikdir.

Hadı bəy deyir ki, “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”x9d

Siz hələ bilmirsiz bunun nəyi pisdir? On bir illik orta təhsil, dörd illik ali təhsil, bir müddət bunun təcrübə toplamaq prosesi - bir müəllimin yetişməsi 20 ildən çox vaxt tələb edir e, Hadı bəy! Sözün əsl mənasında bir cavanın ömrüdür bu. 20 il zəhmət çəksin, oxusun, öyrənsin, təcrübə toplasın ona görə ki, günün yarısında dərs deyəcək, yarısında da daş daşıyacaq, qum daşıyacaq?

Siz öz dediyinizi özünüz bir sonrakı fikirdə təkzib edirsiz. Deyirsiz ki, “Amma adam da var ki, gəlib deyir ki, mənim övladıma bir iş düzəlt. Məlum olur ki, oğlunun nə ali təhsili, nə də əlavə bacarığı var. Deyirəm, bəs nə əcəb tikintiyə işləməyə göndərmirsən? Deyir, aaa, bəs ayıb deyil? Deməzlər ki, filankəsin oğlu fəhləlik edir? Bu yanaşma düzgün, doğru deyil. Axı o niyə daş daşımamalıdır? Niyə fəhlə olmamalıdır? Cəmiyyətdə bəzilərinin belə məsələlərə baxışı kökündən doğru deyil. Axı halal yolla pul qazanmaq ayıb olmamalıdır.”x9d

Bəli, qeyd etdiyiniz kimi o adamın nə ali təhsili var, nə də əlavə bacarığı. Onun fəhlə işləməsi ayıb deyil ki. Bu insan oxumayıb, əziyyət çəkməyib, təhsil almayıb, xüsusi bacarığı da yoxdur. Bu insan ustalıq öyrənə bilər, fəhlə işləyə bilər, satıcılıq edə bilər. Nə çoxdur belə adamlar üçün növbənöv işlər. Amma eyni şeyi illərlə zəhmət çəkib öyrənən və bunu yüzlərlə, minlərlə insana öyrədəcək bir peşəyə yiyələnən müəllimlərə şamil etmək olarmı?

Əgər siz həqiqətən millət qayğısına qalan bir millət vəkilisinizsə, niyə Milli Məclisdə müəllimlərin maaşının artırılmasını müzakirəyə qoymursuz? Çünki mediada millətə məsləhət vermək asandır. Amma millətin problemini orda müzakirəyə qoymaq çətindir, elə deyilmi? Bu cəsarət tələb edir və əfsus ki, həyat sizə qarşı ədalətli olmayıb. O sizdən cəsarət qədər gözəl, ülvi, dadlı bir neməti əsirgəyib. Ah, həyat, ah!

Amma sizdən vəzifəni əsirgəməyib. Bir xeyli vəzifəniz var. Hətta onları yazsam, gərək bu məqaləni siləm. Axı siz bu vəzifələri də sizə dərs deyən müəllimlərin sayəsində qazanmısız. Axı sizə yazmağı, oxumağı onlar öyrədiblər. Siz onların daş, qum daşımasını, bazarda nəsə satmasını necə qəbul edirsiz? Birdən görsəniz ki, sizə dərs deyən müəllim hardasa fəhlədir ya da bazarda nəsə satır. Nə hislər keçirəsiz? Bu sualı özümə də verdim sizin müsahibənizi oxuyanda. İçimdən bir səs dedi ki, “Orxan, nə danışırsan!? Tanrı məni o gündən qorusun ki, öz müəllimlərimi elə möhtac vəziyyətdə görəm!”x9d Bəli, Tanrı bütün müəllimlərimizi o gündən qorusun, Hadı bəy!

Siz millətə çox məsləhət verirsiz. İndi gördünüz ki, məsləhətləriniz ürəkaçan deyil. İndi mən sizə bir məsləhət verim. Nə olsun ki, sizdən kiçiyəm və sizin qədər vəzifəm yoxdur? Amma əminəm ki, mənim məsləhətim daha çox millətin ürəyincə olacaq. Məncə siz ilk növbədə Milli Məclisdə müəllimlərin, həkimlərin, artistlərin, jurnalistlərin və bu kimi digər ziyalı təbəqənin əmək haqqının qaldırılması, şəriatinin yaxşılaşdırılması məsələsini müzakirəyə qoyun. Eybi yox, uzaq başı sizi ordan çıxaracaqlar da. Amma insanların ürəyində vəzifəniz olacaq, Hadı bəy! Heç olmazsa bunu tələb etdiniz, bunu istədiniz deyə sizi insanlar sevəcək. Nə lazım ki, sizin üçün sabah böyük heykəllər ucaldalar, büstlər qoyalar!? Hər insanın ürəyində bir “heykəliniz”x9d olsa, görün nə qədər könüllərdə yaşayacaqsız.

Hər yerdə qanunlar insanlara xidmət etmək üçündür. Əfsus ki, bizim ölkəmizdə qanunlar insanlara əziyyət etmək üçündür, Hadı bəy! Ən birinci millətin qəsdinə duran qanunları dəyişin. Axı siz qanun keşiyində durursuz, vəkilsiz. Qanunun da bir qanunluğu olmalıdır ki, insan onu sevsin, ona əməl etsin. Sizə ziyan verən, əziyyət edən, zülüm edən nəyisə ya da kimisə sevərsiz? Bunu kim sevər ki?

Mənim nənəm ömrünün əlli ilini müəllimliyə həsr edib. İndi ölkənin hər tərəfində, hətta ölkənin xaricində də müxtəlif peşələrdə, vəzifələrdə çalışan şagirdləri var. Hərdən ona baş çəkməyə gəlirlər. Əlindən öpürlər. Həsəd aparıram elə məqamlarda ona. İndi fikirləşirəm ki, onun üstündən daş iyi, qum iyi, qoyun-quzu iyi, ot-alaq iyi gələrsə, onun müəllimlik peşəsi, bu peşənin əzəməti o iyin içində itib gedər axı.

Elə mənə də yazmağı o öyrədib. Qələm tutmağı, kitab oxumağı. Sonra da başqa müəllimlərdən öyrənmişəm. Mən özümü onlara borclu bilirəm. Axı onlar öz müəllim kürsüsündə oturub bildiklərini yeni nəsillərə öyrətməlidir, onları tərbiyə etməlidir. Axı onlar bu millətə gərəklidirlər, lazımdırlar. Axı hamının dünyada müəllimə ehtiyacı var.

Təbii ki, bu peşəni şərəf və ləyaqətlə yerinə yetirən bütün müəllimlərin qarşısında baş əyirəm, onların əlindən öpürəm, başda öz müəllimlərim olmaqla. Çünki mənim müəllim sarıdan həmişə bəxtim gətirib. Bir də ki, Hadı Rəcəblinin adından onların hamısından üzür istəyirəm. Xətrinizə dəyməsin, əziz və dəyərli müəllimlər, Hadı bəy öz vəzifəsini itirməkdən qorxub və elə deyib. Onu vəzifəsinə bağışlayın!

Hörmətlə, Orxan Bahadırsoy
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin