Partiya sədrləri xarici səfirlərlə niyə GÖRÜŞÜB? – AMİP sədrindən TƏFƏRRÜAT

Hazırda oxunan: Partiya sədrləri xarici səfirlərlə niyə GÖRÜŞÜB? – AMİP sədrindən TƏFƏRRÜAT

72080

Aprelin 28-də Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında AMİP, Azərbaycan Xalq Partiyası və Ağ Partiya sədrlərinin Fransanın Azərbaycandakı səfiri, cənab Zakari Grosla görüşü keçirilib.

Qeyd edək ki, bu görüş son bir həftə ərzində siyasi partiyaların diplomatik korpusla keçirdiyi ikinci görüşdür.

İlk görüş də AMİP qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Kristine Sinqlə keçirilib.

Partiyaların xarici ölkələrin Azərbaycandakı nümayəndələri ilə görüşünün məqsədləri və əhəmiyyəti ilə bağlı Bizim.Media-ya danışan AMİP sədri Arzuxan Əlizadə rəhbərlik etdiyi təşkilatın 1996-cı ildən bəri beynəlxalq əməkdaşlıq çərçivəsində müvafiq fəaliyyətlərinin olduğunu qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Əmlakları müsadirə olunan məmurların YENİ SİYAHISI 


“Biz bu əməkdaşlıqları ölkəmizdə demokratik dəyərlərinin möhkəmlənməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və dəyərlərin qarşılıqlı inteqrasiyası istiqamətində davam etdiririk. Bəzilərindən fərqli olaraq ölkəmizlə bağlı şikayətlər etməmişik. Hesab etmişik ki, ölkədaxili problemlər Azərbaycan içərisində siyasi partiyaların, cəmiyyətin gücü ilə aradan qaldırılmalıdır. 30 illik işğal dövründə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində işlər görülüb”.

Xarici ölkələrin Azərbaycandakı səfirləri ilə sıx əlaqələrinin olduğunu bildirən partiya sədri pandemiyanın yekunlaşmaq üzrə olduğunu və görüşlərin davamlı təşkil olunacağını vurğulayıb:

“Biz budəfəki görüşləri əməkdaşlıq etdiyimiz siyasi təşkilatlarla birlikdə keçirməyə qərar verdik. Qarabağ məsələsi müzakirələrdə ön plana çıxarıldı. Xüsusilə də, Fransanın Azərbaycan cəmiyyətində haqlı olaraq ədalətli qəbul olunmayan mövqeyi diqqətə çatdırldı”.

Arzuxan Əlizadə aparıcı ölkələrin siyasi partiyaları ilə Azərbaycanda fəaliyyət göstərən partiyalar arasında əməkdaşlıq formatının müəyyən olunmasının vacibliyini də diqqətə çatdırıb:
 

“Təbii ki, bu partiyaların öz fəaliyyətlərinə bağlı olan məsələdir. Biz bu əməkdaşlığı bacardığımız qədər yürüdürük. Çox istərdik ki, digər partiyalar da bunu etsinlər. Çünki Azərbaycan da dünyanın bir parçasıdır.


Bizə qarşı ədalətsizliyə görə özümüzdə də səbəb axtarmalıyıq. Necə ki dövlət qurumları fəaliyyət göstərirlər, eləcə də siyasi partiyalar bu istiqamətdə fəaliyyət göstərməlidir. Bununla həmin ölkələrin hakimiyyətlərinə təsir etmək imkanı da yaranır. Təəssüflər olsun ki, digər siyasi partiyaların timsalında bu məsələ xoşagələn vəziyyətdə deyil”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin