Xan Şuşinski nəyə görə Şuşanın dağlarına “başı dumanlı” deyib? Onu bu mahnını yazmağa nə vadar etmişdi?
Bizim.Media-nın suallarına Xan Şuşiniskinin qızı Bəyimxanım Cavanşir-Verdiyeva cavab verib:
- Şuşa haqqında yazılan ilk mahnını atam yazıb. Mahnının sözləri və musiqisi də mənim atamın özünə aiddir.
Xan Şuşinski Qarabağ xanlığının təməlini qoyan Cavanşirlər nəslindədəndir. Atam Pənahəli xanın kötükcəsi idi.
Sovet dönəmində onların, yəni babam Aslan ağanın bütün var-dövlətləri əllərindən alındı. Şuşa şəhərinin mərkəzində Çuxurməhlə deyilən yerdə mülkləri, Şuşanın ətrafında Ballıca və Kaorocaq kəndlərindəki bütün varidatları əllərindən alınaraq Sovet Hökumətinin ixtiyarına verildi.
- Təbii ki, Xan oğlu Xanın Sovet hakimiyyəti illərində yaşamağı da elə asan başa gəlməzdi?
- Çox çətin oldu, çünki babam Aslan ağanın da həmən dövrdə səsi alınmışdı. Səsi alınmışdı o deməkdir ki, o dövrdə heç bir yerdə işləyə bilməzdi. Təbii ki, həmən dövrdə Xan Şuşinskini yəni İsfəndiyar Aslan Ağa oğlu Cavanşiri qoruyan onun ecazkar səsi və fitri istedadı oldu. O, əslən xan nəslindən olmasına baxmayaraq, o dövrdə xan və bəy sözlərinin istifadəsinə qadağa qoyulduğu müddətdə ustadları tərəfindən ona verilən “Xan” adını səsi, şəxsiyyəti və sənəti ilə uzlaşdırıldı.
- “Şuşanın dağları” mahnısında Cümhuriyyət nişanələrinə eyham vurarkən təqib olunmaqdan qorxmadı?
- Şuşanın Dağları mahnısı 1930-cu ildə yazılıb. Həqiqətən Xan Şuşinski Şuşanın Sovet dövründə də başı dumanlı olduğunu hiss edirdi. Bu səbəbdən də mahnının adını “Şuşanın dağları” adlandırmışdı.
Represiyalar və siyasi həbslərlə dolu olan belə bir dövrdə bu tipli mahnı yazmaq və bütün məsuliyyəti öz üzərinə götürmək adamdan ürək və cəsarət istəyirdi ki, bu da Xan Şuşinskidə vardı. O, milli kökə bağlı biri idi və səbəb nə olursa olsun, heç vaxt öz milli ruhunu yaşatmaq və tərənnüm etməkdən çəkinməzdi. Bu mənada Şuşanın Dağları mahnısında milli ruh yatırdı. Düz, 30 il – Şuşa işğalda olan zaman, Azərbaycan xalqı bu mahnı ilə təskinlik tapdı.
Təbii ki, dövrün ziyalıları bu mahnıda nəyə işarə olunduğunu yaxşı bilirdilər. Duman həmişə sirr və müəmma anlayışı olub. Başı duman deyərkən, başında bir təlatüm olduğunu göstərmək istəyib. Çünki Sovet dövrünə kimi Şuşa sakinləri ancaq azərbaycanlılar olub. Əsasən bu dövrdən sonra ora ermənilər və digər millətlərə mənsub insanlar köçməyə başlayıb.
Ola bilər ki, Sovet xüsusi xidmət orqanlarında mahnıyla bağlı hər hansı şübhə yaransın və ya kimlərsə mənfi informasiyalar sızdırsınlar. Məncə o dövrün hakim təbəqəsi də yaxşı anlayırdı ki, Şuşinski sağlığında milli dəyərə çevirilmiş ifaçı idi və ona qarşı hər hansı bir mənfi davranış Azərbaycan xalqına qarşı atılmış addım hesab olunurdu.
- Mahnıdakı “Qırmızı kofta” və “Yaşıl tuman” ifadələrinin öz mənası vardı. Sizin bu barədə bilgiləriniz necədir?
- Qırmızı kofta və yaşıl tuman bayrağımızın qırmızı və yaşıl rənglərinə işarədir ki, bu da təsadüfi deyil. Xan Şuşinskinin ustalığı ondan ibarət olub ki, qırmızı və yaşıl rəngin üzərindəki türklük rəmzi olan göy rəngi dumanla əvəzləyib. Təbii ki, bu da təsadüfi deyil, çünki Sovet Hakimiyyətinin Azərbaycanda unutdurmaq istədiyi birinci dəyər məhz bizim türkçülüyümüz idi. Xan Şuşinski də bunu hiss edərək göy rəngi dumanla əvəz edərək türkçülüyümüzün təhlükə altında olduğuna işarə edib. Ona görə bugünün özündə də bu mahnının sirli və müəmmalı məqamları tədqiq edilir, öyrənilir.
- Nə üçün məkan olaraq Qarabağın başqa güşəsi yox, Şuşa seçilmişdi? Xan əmi özü Şuşadan olduğu üçün?
- Mahnının özəlliyinin digər bir incə məqamı da məhz budur. Təbii ki, o Şuşada doğulub böyümüşdü. Öz ləqəbini də doğulduğu Şuşa ilə bağlamışdı. Amma mahnının incə məqamı təkcə bu deyil. Söylədiyiniz kimi Qarabağı gözəl guşələri çoxdur. Xan Şuşinski bu mübariz mahnının məkanını ona görə Şuşa olaraq qeyd edib ki, Şuşa tarixən alınmaz qala olduğu üçün Azərbaycan xalqının mübarizə simvolu olub. Bununla da yuxarıda qeyd etdiyim qırmızı və yaşılın üzərini örtən dumanlı Şuşa dağı ilə sənətkar Sovet hakimiyyətinə onu demək istəyirdi ki, siz bizim müstəqillik və islamlığımıza qənim kəsilib, türkçülüyümüzü unutdurmağa çalışsanız da buna heç vaxt nail ola bilməyəcəksiniz.
- Atanızın sizə danışdığı elə məqamlar varmı ki, dediklərinizi onun dili ilə faktlaşdırmaq mümkün olsun?
- O qədər elə faktım var ki. Atam mənə danışırdı ki, bir gün Cabbar Qaryağdıoğlu mənə zəng vurdu və dedi ki, Xan, qardaşın Allahyarı və tarı da götür bizə, Bakıya gəl. Biz onlara gedəndə gördüm ki, Seyid Şuşinski də ordadır. İçəri keçdik, məclis başlamışdı, biz də keçib oturduq. “İravanda xal qalmadı” və “Qarabağ şikəstəsi” oxuyanda gördük ki, onlar ağlayırlar. Musiqi alətlərini masaya qoyanda niyə ağladıqlarını soruşdum və onlar mənə dedilər ki, biz qocalmışıq. Ürəyimiz Qarabağı istəyir, amma ora getmək üçün ayaqlarımızda taqət yoxdur.
Düşündük ki, bizi Qarabağa ancaq Xanın səsi apara bilər və ona görə də səni bura çağırıb oxumağını xahiş etdik. Amma sonradan bildim ki, onlar dah çox yağıların tapdağında olan, özgələşdirilən İrəvana, yavaş-yavaş qoparılan Qarabağa ağlayırdılar.
Əbəs deyil ki, dahi Səməd Vurğun özünün Azərbaycan poemasında Qarabağı Xan Şuşinskinin adı ilə bağlamamışdı.
Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan.
Axşam üstü qoy uzaqdan,
Havalansın xanın səsi,
Qarabağın şikəstəsi.
- Bəs sizə qarşı cəmiyyətdə yanaşma necədir? Xan Şuşinskinin qızı olduğunuzu bilirlər?
- Bəzən mən küçədə gedərkən tanımadığım insanlar mənə yaxınlaşaraq soruşurlar ki, “siz xan əminin qızısınız?”
Atamın unudulmaması və hörmət əlaməti olaraq mənə yaxınlaşıb fikir bildirmələri məni ziyadəsindən artıq məmnun edir. Həmişə ona rəhmət oxuyurlar. Mən də çox sevinirəm ki, Qafqazın Konservatoriyası, Xan Şuşinskinin vətəni olan Şuşa indi işğaldan azaddır. Bu mənada mən “Xarı Bülbül” festivalında Azərbaycan prezidenti ilə görüşəndə məni atamın böyüdüyü və yardıcılığa addımlarını atdığı Şuşaya qaytardığı üçün təşəkkür etdim.
Xoşbəxtəm ki, bu gün Şuşada azan səsləri və Şuşanın milli simvollarından biri olan Xan Şuşinskinin ifaları səslənir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Leyla Şah, Bizim.Media