Xəbər verildiyi kimi Azərbaycanda "Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi" Qaydası hazırlanıb. Sənəd Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və yaxın vaxtlarda təsdiq ediləcək.
Maraqlıdır, çətin həyat şəraitində olan uşaqlar necə müəyyənləşəcək və nəzərdə tutulan işin mexanizmi necə həyata keçiriləcək?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov Bizim.Media-ya bildirib ki, hazırda bu kateqoriyadan olan uşaqlar üçün informasiya bazasının yaradılması nəzərdə tutulmayıb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda çətin həyat şəraitində olan uşaqların aşkarlanması qaydası hazırlandı
“Qaydaya əsasən çətin həyat şəraitində olan uşaqlar dedikdə valideynini itirmiş, və ya valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə, sağlamlıq imkanları məhdud olan, eləcə də zorakılığa məruz qalan uşaqlar başa düşülür. Sənəd layihəsi çətin həyat şəraitində olan uşaqların aşkarlanması, onların sosial müdafiəsi üzrə tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi, uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirləri nəzərdə tutur”.
Seymur Məmmədovun sözlərinə görə qaydaya əsasən çətin həyat şəraitində olan uşaq barədə məlumat daxil olduqda dərhal onun yaşayış yerinə (ailəyə və ya sosial xidmət müəssisəsinə) səfər ediləcək:
“Həmçinin uşaq barəsində təcili təxirə salınmaz tədbirlərin görülməsi, uşağın vəziyyətinin aidiyyəti dövlət orqanı tərəfindən müayinə olunması və yerləşdirilməsi üçün müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”.
Alçina Amilqızı, Bizim.Media