Rus mərkəzinin Bakıda planlaşdırdığı "Georgi lenti" aksiyası niyə 30 aprelə TƏYİN OLUNUB? – ETİRAZ 

Hazırda oxunan: Rus mərkəzinin Bakıda planlaşdırdığı "Georgi lenti" aksiyası niyə 30 aprelə TƏYİN OLUNUB? – ETİRAZ 

72048

Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyi aprelin 30-da Bakıda yerləşən Rus Evinin dəstəyi ilə "Georgi lenti" aksiyası təşkil edəcək. Bu barədə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəsmi Twitter hesabında məlumat verilib. 

Məlumat üçün qeyd edək ki, "Georgi lenti" aksiyasi 2005-ci ildən etibarən Rusiya hökuməti tərəfindən beynəlxalq səviyyədə keçirilir.

Aksiya öz adını 1769-cu ildə Rusiya çariçası İkinci Yekaterinanın göstərişi ilə təsis edilən Müqəddəs Georgi Ordenindən götürüb. 2005-ci ildən sonra isə "Georgi lenti" aksiyası daha çox İkinci Dünya Müharibəsində 9 May qələbəsinin simvolu kimi təqdim edilib. Lentdə əks olunan narıncı rəng alovu, qara rəng isə tüstünü simvolizə edir.

Aksiyanın keçirilməsi, üstəlik Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsinin 13-cü ildönümü günündə baş tutması sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb. Çoxluq belə bir tədbirin Azərbaycanda baş tutmasını gərəksiz və məntiqsiz hesab edib.

Xüsusilə Qarabağın azadlığı uğrunda şəhid olanlarla bağlı digər ölkələrdə hər hansı aksiya keçirilmədiyi halda, "Georgi lenti" tədbirinin Azərbaycanda təşkil edilməsinin anlamsız olduğu əsas gətirilib.

Aksiyanın aprelin 30-na salınması Azərbaycana, eləcə də terror hadisəsinə hörmətsizlik kimi qarşılanıb. 

Aksiyanın keçirilməsinə icazə-verilib verilməməsi məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsindən aksiyadan məlumatsız olduqları bildirilib. 
 

Xatırladaq ki, Azərbaycanda 2014-cü ildə keçirilən "Georgi lenti" aksiyası da ölkədə ciddi narazılıqla qarşılanmışdı. Hətta belə bir aksiyanın Azərbaycanda qadağan olunması məsələsi də gündəmə gəlmişdi. Amma qadağa ilə bağlı rəsmi qərar qəbul edilməyib.  


Məlumat üçün bildirək ki, Moldova, Ukrayna, Latviya, Litva, Estoniya, Gürcüstan, Qazaxıstan və Belarusda "Georgi lenti" aksiyası rəsmi olaraq qadağan edilib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin