Gecə klubunda baş verən güclü partlayışdan sonra Xırdalanda restoranın yanması, ardınca isə ötən gün Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğın insanları sosial, sənaye və istirahət məkanlarından istifadə zamanı tədbirli davranmağa sövq edir.
Bəs hazırda istirahət və sənaye məkanları və restoranların təhlükəsizliyi necə təmin olunur?
“Yanğına və ya partlayışa səbəb ola biləcək hər hansı ehtimallar varsa, məkanların təhlükəsizliyini yoxlamağa birbaşa olaraq Fövqaladə Hallar Nazirliyi cavabdehdir. İstirahət və əyləncə məkanlarında o cümlədən restoranlarda təhlükəsizliklə bağlı reydlər nə qədər çox keçirilsə, bir o qədər yaxşı olar”
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtdakı yanğından yeni görüntülər - Helikopterlər belə işləyir... / VİDEO
Bu sözləri Bizim.Media-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert İlyas İsmayılov söyləyib.
“Əgər ölkədə terror kütləviləşməyibsə və ya başqa mənbələrdə maliyyələşən terror qruplaşmaları yoxdursa, insanların kütləvi halda təhlükəsizliklə bağlı problemləri olmur. Azərbaycanda da belə qruplaşmalar olmadığı üçün dövlət öz vətəndaşlarının təhlükəsizliyinə tam zəmanət verir”.
Ekspert əlavə edib ki, ayrı-ayrı epizodlarda isə ilk məsuliyyət məkan sahibinin üzərindədir.
Ehtiyatsızlıqdan və başqa səbəblərdən yaranan qəzalar zamanı ilkin olaraq bu şəxslər məsuliyyətə cəlb olunmalıdırlar:
“Sənaye məkanlarında kütləvi halda insanların çalışdığını nəzərə alaraq, bu tipli məkanlarda hər ay təhlükəsizlik tədbirləri keçirilməli, işçilərin təhlükəsizliyi üçün xüsusi çıxış zolaqlarının olmlıdır. Həmçinin sənaye məkanlarında tez alışan maddələr də olur ki, müddəti keçdikdə və digər səbəblərdən qəzaya səbəb ola bilər. Ona görə də sənaye məkanlarında emal edilən xammalın keyfiyyətinin də vaxtaşırı ekspertizadan keçirilməsi məqbuldur. Bir də çox vacibdir ki, bütün iri müəssilərin öz daxili təhlükəsizlik briqadası olsun”.
Bu tip qəzalardan dünyanın heç bir ölkəsinin sığortalanmadığını deyən ekspert bildirb ki, insanların kütləvi şəkildə toplaşdığı yerlərdə Fövqaladə Hallar Nazirliyi müntəzəm təhlükəsizlik reydləri keçirməlidir.
“Hər hansı bir problem nə qədər tez araşdırılıb həllə doğru işlər sürətlə aparılarsa kütləviləşməsi baş verməz”, - deyə İlyas İsmayılov fikirlərini yekunlaşdırıb.
Leyla Şah, Bizim.Media