Dövlət İmtahan Mərkəzi (DİM) 30 aprel və 1 may tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.
DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Aprelin 30-da iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. Mayın 1-də keçiriləcək imtahanda isə maskadan istifadə tövsiyə olunur.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 20-dən etibarən çap edib götürə bilirlər.
İmtahan 30 aprel və 1 may tarixlərində respublikanın 22 şəhər və rayonunda keçiriləcək.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 207 imtahan binası, 3413 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 207 ümumi imtahan rəhbəri, 570 imtahan rəhbəri, 4228 nəzarətçi-müəllim, 399 buraxılışı rejimi əməkdaşı (mühafizə), 207 bina nümayəndəsi ayrılıb.
Aprelin 30-da keçiriləcək imtahanda 24 864, mayın 1-də keçiriləcək imtahanda isə 19 278 nəfər olmaqla, ümumilikdə 44 142 şagirdin iştirakı nəzərdə tutulur.
Mayın 1-də, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi ingilis və ya fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.
Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:59 / 28.04.2022
Həftəsonu 44 142 şagird imtahan verəcək
Hazırda oxunan: Həftəsonu 44 142 şagird imtahan verəcək
Hazırda oxunan: Həftəsonu 44 142 şagird imtahan verəcək
71818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.