“Şuşaya daxil olmağa 150-200 metr məsafə qalmışdı. Artileriya döyüşlərində yeganə düşündüyüm o idi ki, heç olmaya şəxsi heyətin bir hirssəsi sağ qala və biz Şuşa şəhərinə ayağımızı qoya bilək. Cox səbirsizliklə cənab Ali Baş Komandana məruzə etmək istəyirdik ki, artıq Şuşa şəhərinin içindəyik”.
Bu sözləri Azərbaycan döyüşçüsü Şuşa döyüşlərinin necə başlandığından danışarkən deyib. Komandirin sözlərinə görə, Şuşa istiqamətində döyüşlər dronlarımızın ermənilərin toplandığı “üçyol” deyilən yanacaqdoldurma məntəqəsinin yanına endirilməklə başlayıb:
“Zərbə atılan andan bizim pusqu yarımqrupu əvvəlcədən təyin etdiyimiz marşurut üzrə, yəni qayalıq və börtükən kolluqlarının içərisi ilə Şuşa şəhərinə hərəkət etməyə başladı. Qayalığa çıxan ilk şəxslər yol üzərində olan erməniləri məhv etdi və digər qruplar öz növbəsində irəli doğru hərəkət etməkdə davam etdilər".
"Hava qaranlığa doğru gedirdi və duman görünürdü. Duman o qədər sıxlaşmışdı ki, əlimizi belə görməkdə çətinlik çəkirdik. Ani atışma və qısa məsafədən ermənilərlə döyüşməyə başladıq. Onlar bizlə döyüşə bilmirdilər. Məhv olanlar və geriyə çəkilənlər var idi. Yol üzərində kifayət sayda düşmənin məhv olmuş cəsədləri qaldı. Bundan sonra təşkilatlanaraq düz əraziyə doğru irəlilədik”.
Komandir düşmənin güclü artileriya atəşinə məruz qaldıqlarını və bunun 40-50 saniyə çəkdiyini söyləyib:
“Atəş bitəndən sonra başımı qaldırıb “sağ qalan varmı?” deyə qışqırdım. Yandan döyüşçülərimiz gur səslə “hər kəs sağlamdır” deyə səs verdilər. Bu an hansı hissləri keçirdiyimi təsəvvür edə bilmərəm. Şəxsi heyətin bir nəfərinin belə burnu qanamamışdı. Tam tərkibdə Şuşa şəhərinə döyüşərək daxil olduq. Düşmən mövqelərinin arxa hissəsinə keçərək onları məhv etməyə başladıq. Hər bir döyüşçünün yeganə istəyi qələbə və Ali Baş Komandanın təyin etdiyi istiqamətdə məğrur hərəkət etmək idi. Ona görə də Azərbaycan döyüşçüsü qalib gələcəkdi”,-deyə o fikrini tamamlayıb. (Real tv)
Alçina Amilqızı, Bizim.Media