Xəzəri çirkləndirən əsas şirkət “Azərsu”ASC-dir - RƏSMİ

Hazırda oxunan: Xəzəri çirkləndirən əsas şirkət “Azərsu”ASC-dir - RƏSMİ

71343

Son illər Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün bir sıra addımlar həyata keçirilsə də, təəssüf ki, bir sıra şirkətlər və şəxslər hələ də tam ram edilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin şirkətlərə qarşı müəyyən cəza tədbirləri, cərimələr tətbiq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Bizim.Media-ya açıqlamasında bildirib ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi olaraq apardığımız monitorinqlər zamanı Xəzər dənizini tullantı suları və məişət tullantıları ilə çirkləndirən şirkətləri müəyyən edib, sənədləşdirib Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə göndəririk:
 

MÖVZU İLƏ BAĞLI:

Xəzər dənizini çirkləndirən 128 mənbə var - VİDEO


“Son iki il ərzində dənizi çirkləndirən müəssisə və təşkilatlarla bağlı ümumilikdə 257 akt, 65 protokol tərtib olunub. 83 məcburi göstəriş verilib. Ümumilikdə 57 iş üzrə 135,6 min manat məbləğində cərimə tətbiq olunub”. 

Həmsöhbətimiz qeyd edir ki, son illər dənizin çirkləndirilməsində antirekord fəaliyyətilə seçilən qurum “Azərsu”ASC-dir:

“Xəzərin çirklənməsində müəssisə və təşkilatlar arasında yay mövsümündə çimərlik ərazilərdə fəaliyyət göstərən iaşə obyektləri, istirahət mərkəzləri, sahil zolağındakı sənaye müəssisələri, “Azərsu”ASC kimi qurumlar əsas rol oynayır. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi Bakı-Abşeron zonası və regionlarımızı tam olaraq əhatə etmir. Bu səbəbdən də əhali və müəssisələr tərəfindən formalaşan çirkab suları bəzi hallarda təmizlənmədən Xəzərə axıdılır. 

Bu il tərtib etdiyimiz əsas protokol “Azərsu” şirkətinin aydiyyatı qurumları ilə bağlıdır. Bu şirkət keçən il 30 min manat məbləğində cərimələnib. Cərimə tətbiq edilən qurumlar arasında növbəti yerlərdə istirahət mərkəzləri gəlir. Bu antirekordda qismən “SOCAR”ın da payı var”. 
Nefçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə deyir ki, Xəzər dənizinə ekoloji baxımdan ən çox ziyanı Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) vurur.

Bu prosesdə dənizdə əsas fəsad yaradan qurum isə Neft Daşlarıdır: 

“Çirklənmə də əsasən lay sularının dənizə buraxılması ilə əlaqədardır. Burada boruların çəkilişi zamanı səhvə yol verirlər. Ona görə də lay suları dənizə buraxılır. Əslində neft çıxandan sonra lay suları yenidən quyulara vurulmalıdır. Amma səhlənkarlıq səbəbindən bunu etmirlər.

Çirklənmə hadisəsinə görə, şirkətlər cərimə olunsalar da, buna əhəmiyyət verən yoxdur. 

Həmsöhbətimiz bu fonda cərimələrlə Xəzərin çirklənməsinin qarşısının alınacağını düşünmür:

“Cərimə problemin həlli deyil. Yaranan cərimələri də şirkət özü ödəyir. Amma qoyulan cərimələr konkret olaraq vəzifənin öhdəsindən gəlməyən, məsuliyyətsizliyə yol verən şəxslərin özləri tərəfindən ödənilsə, hətta bir sıra hallarda onlar məsuliyyətə cəlb edilsələr, düşünürəm ki, bu mənfi tendensiyanın da qarşısı alınacaq. 
Eyni zamanda, müasir tələblərə cavab verən təmizləyici qurğular tətbiq edilmədən çirklənmənin qarşısının alınması mümkün olmayacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin