Amansızlıqla öldürülən və yandırılan Ülfətin ANASI – “9 aydır qatili tapmaq nə müşkül məsələdir ki?” - ŞİKAYƏT

Hazırda oxunan: Amansızlıqla öldürülən və yandırılan Ülfətin ANASI – “9 aydır qatili tapmaq nə müşkül məsələdir ki?” - ŞİKAYƏT

71332

Ana yaşadığı evdə xüsusi amansızlıqla öldürülən və daha sonra yandırılan 29 yaşlı oğlu Ülfət Höccətovun qatillərindən birinin istintaqa cəlb olunmadığından şikayətçidir.

Bu barədə Bizim.Media-ya Ülfət Höccətovun anası, Qobu qəsəbə sakini Təranə Şahverdiyeva müraciət edib. O, ötən il iyulun 9-da baş verən dəhşətli qətlin istintaq hərəkətlərinin düzgün aparılmadığından gileylənib:

Ananın sözlərinə görə 9 aydır nə istintaq yekunlaşır, nə də qətli törədən cinayətkarlardan biri saxlanılır.

Halbuki hadisəni törətməkdə şübhəli bilinən və saxlanılan Lənkəran rayon sakini Cahangir Ramazanov ilkin ifadəsində qətli oğlu Eminlə birgə törətdiyini etiraf edib:
“Ötən il iyulun 10-da Ülfətdən böyük oğlumun toyu olacaqdı. Toyla əlaqədar Astaraya getmişdik. Kiçik oğlum evi nəzarətsiz qoymamaq üçün tək qalmalı oldu. Toy günü o da gələcəkdi. Ayın 9-u gecə saatlarında “eviniz yanır” deyə qonşulardan zəng gəldi.

Gecə qayıtdıq və gördüyümüz mənzərədən şoka düşdük. Oğlumu həyətdə 17 bıçaq zərbəsi ilə öldürəndən sonra izi itirmək üçün evə atıb yandırmışdılar. Evimizin yaxınlığında Polis Bölməsi və yanacaq doldurma məntəqəsi var.

Üstəlik, qonşuluqdakı villanın müşahidə kameralarına da qətli törədənlərin görüntüləri düşmüşdü. Kameralarda iki nəfər evimizi yandırıb. Gündüz isə başqa şəxslər evi izləyib. Təbii ki, evdə oğlumun tək qaldığını biliblər. 9 gün sonra Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əmədaşları tərəfindən kameralara düşən Lənkəran rayon sakini Cahangir Ramazanov saxlanılıb və o hadisəni oğlu Eminlə törətdiyini etiraf edib.

Dediyinə görə, söyüş söydüyünə görə oğlumu öldürüb. Halbuki Ülfət davanı və ya mübahisəni sevən biri olmayıb. Hətta istintaqı aparan şəxslər oğlumun iş yerindən də barəsində məlumat alıblar”.
Ana indiyədək qətli törədənlərdən birinin saxlanılmamasını müəmma adlandırıb:

“Cahangir Ramazanov saxlanılıb. Axtarışda olan oğlu Emin Ramazanov isə nədənsə tapılmır. Polis bölməsindən mənə deyilib ki, o, haradasa gizlənib. Anlamıram, 10 aya yaxındır onu tapmaq niyə müşkülə çevrilsin ki? Necə olur ki, ata tapılır, oğul isə gizlənir. Məncə, burada nəsə müəmma var. Aylardır, məsələ ilə bağlı Abşeron Rayon Prokurorluğundan da tutarlı məlumat ala bilmirəm. Əlacım kəsildiyi üçün  Daxili işlər Nazirliyinə, Baş Prokurorluğa, Mehriban xanım Əliyeva və ölkə başçısı İlham Əliyevə məktubla müraciət etmişəm. Oğlumu qətlə yetirənlərin tapılıb, cəzalanmasını istəyirəm”. 

Xatırladaq ki, ötən il iyulun 9-da Abşeron rayonu Qobu qəsəbəsində Ülfət Höccətovun yaşadığı evdə yanğın baş verib. Nəticədə 100 kvadratmetr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra Ü. Höccətovun yanmış meyiti tapılıb.

Araşdırmalarla Ülfət Höccətovun bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalar zamanı qətlin Ü.Höccətovla şəxsi münasibətlər zəmində olan şəxsin aralarında yaranan münaqişə zəminində törətdiyi məlum olub.

Həmin şəxs, Cahangir Ramazanov ifadəsində hadisəni əvvəlcədən planlaşdırdığını və qətli törədəndən sonra hadisə yerindən yayınan zaman üst geyimini dəyişdiyini bildirib.
Məsələ ilə bağlı sorğumuza cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 9 iyul 2021-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində 1992-ci il təvəllüdlü Ülfət Höccətovun yaşadığı evdə üzərində kəsici-deşici xəsarətlər olan yanmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:

“Aparılmış istintaqla Lənkəran rayon sakini Cahangir Ramazanov və oğlu Emin Ramazanovun qabaqcadan əlbir olaraq Ülfət Höccətova bıçaqla xəsarət yetirərək qəsdən öldürmələrinə, daha sonra isə sonuncunun meyitinin üzərinə və evin müxtəlif yerlərinə dizel yanacağı töküb yandırmalarına əsaslı şübhələr müəyyən edilib.

Cahangir Ramazanov Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 186.2.2-ci (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Emin Ramazanovun isə olduğu yer müəyyən edilmədiyindən qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.

Emin Ramazanovun olduğu yerin müəyyən olunaraq tutulub istintaqa təqdim olunması məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - deyə Prokurorluqdan bildirilib.

Alçina Amilqızı, Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin