“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Soydaş” milli virtual platformasının təqdimat mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimdə Dünya Azərbaycanlılarının V qurultayı çərçivəsində Vətəndə olan bəzi diaspor nümayəndələri, Milli Məclisin deputatları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi və Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili çıxışının əvvəlində göstərdikləri dəstəyə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, agentliyin müşahidə şurasına və rəhbərliyinə təşəkkürünü bildirib.
O, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V qurultayından danışıb. T.Allahverdili Zəfər qurultayının Şuşada keçirilməsinin rəmzi məna daşıdığını və bunun çox əhəmiyyətli bir tədbir olduğunu bildirib.
O, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi fikirlərdən, mesajlardan söz açıb. Cənab Prezidentin Dünya Azərbaycanlılarının qarşısına qoyduğu yeni məqsədlərdən bəhs edib.
T.Allahverdili vurğulayıb ki, dünya azərbaycanlıları torpaqlarımızın işğaldan azad olunmasından sonra ilk dəfə olaraq Şuşada toplanıblar.
Daha sonra layihə haqqında məlumat verən T.Allahverdili deyib ki, platformanın virtual olması Vətəndən uzaqda olan soydaşlarımızı tanıtmaqdan, onların fəaliyyətini daha əlçatan etməkdən ibarətdir. O xatırladıb ki, Vətən müharibəsi zamanı ölkəmizi xaricdə layiqincə təmsil edən, hətta ermənilərin hücumuna məruz qalan soydaşlarımız da olub.
Onun sözlərinə görə, məhz bu layihə çərçivəsində xaricdə yaşayan, işləyən, diaspor fəaliyyətində yaxından iştirak edən soydaşlarımızdan, həmçinin Azərbaycanda yaşayıb xaricdə Azərbaycanı təmsil edən şəxslərdən videoreportajlar və müsahibələr hazırlanacaq.
Bu reportajlar və müsahibələr geniş izləyici kütləsi olan sosial şəbəkələr və media resurslarında ictimaiyyətə təqdim olunacaq. Videoreportajlarda və müsahibələrdə əsas xətt dövlətimizin milli maraqlarıdır.
Çıxışçılar “Soydaş” milli virtual platformasının ölkədən uzaqda yaşayan və azərbaycançılıq ideologiyasına xidmət edən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyət göstərən hər bir həmvətənimizin tanıdılmasında böyük rolu olacağını bildiriblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Arzu Nağıyev xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edən soydaşlarımızın fəaliyyətini yüksək qiymətləndirib. O, belə bir platformanın fəaliyyətə başlamasına həqiqətən də ehtiyac olduğunu bildirib və layihənin fəaliyyətində uğurlar arzulayıb.
Deputat Aydın Hüseynov isə əminliklə qeyd edib ki, platformanın hər bir azərbaycanlının tanıdılmasında böyük rolu olacaq və layihə çərçivəsində dövlətimiz, Vətənimiz və ümumilikdə xalqımız üçün yeni uğurlara imza atılacaq.
Deputat Ramil Həsən çıxışında diaspor sahəsinə doğma biri olduğunu xatırladıb. O qeyd edib ki, yeni yaradılan platforma həm də dünya azərbaycanlıları arasında böyük maraqla qarşılanacaq.
Deputat Naqif Həmzəyev deyib ki, diaspor sahəsində çalışan, fəaliyyət göstərən, ölkəmizi xaricdə layiqincə təmsil edən soydaşlarımızı tanıtmaq hər birimizin işidir. O bildirib ki, hər bir azərbaycanlı dövlətimiz üçün lazım olan bütün zəruri işləri bir olaraq həyata keçirməlidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:58 / 25.04.2022
“Soydaş” milli virtual platformasının təqdimatı oldu - FOTO
Hazırda oxunan: “Soydaş” milli virtual platformasının təqdimatı oldu - FOTO
Hazırda oxunan: “Soydaş” milli virtual platformasının təqdimatı oldu - FOTO
71315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.