Oğuz rayonunun Yaqublu kəndi ərazisində 21 kurqan, 2 nekropol və 2 qədim yaşayış yeri aşkarlanıb.
Bizim.Media-ya bu özəl məlumatı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun "Arxeoloji xidmət və yeni tikinti sahələrinin tədqiqi" şöbəsinin müdiri, Şəki-Oğuz ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev verib.
Onun sözlərinə görə, burada böyük su anbarının inşası planlaşdırılıb.
Anbarı inşa edəcək "Temelsu " Uluslararası Mühendislik Hizmetləri" Assosiasiyasının Azərbaycan filialı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında bağlanan müqavilə əsasında burada kəşfiyyat xarakterli arxeoloji tədqiqat işləri aparılıb.
Təqdirəlayiq haldır ki, sözügedən assosiasiya tikintiyə başlamazdan əvvəl burada arxeoloji tədqiqat aparılması üçün instituta müraciət edib.
Qəhrəman Ağayev deyir ki, aprelin 1-dən institutun 17 nəfərlik ekspedisiya heyəti Oğuzun Yaqublu İƏD--nin Zərrab kəndində 4000 hektar sahəni əhatə edən gələcək su anbarının ərazisində arxeoloji tədqiqat işlərinə başlayıb.
Bu kəndin ərazisində Laçından olan 30 məcburi köçkün ailəsi də məskunlaşıb. Laçınlılar bu ərazini iki çayın birləşdiyi yer olduğu üçün öz aralarında"Suqovuşan" adlandırıblar.
Arxeoloq-alim məlumat verdi ki, arxeoloji tədqiqat zamanı ilk orta əsrlər dövrünə aid olduğu ehtimal edilən iki qədim yaşayış yerində ocaq yerləri, təndirlər, müxtəlif tipli məişətdə işlədilən saxsı məmulatların sınıqları aşkar edilib.
Tapılan iki nekropolun isə 4000 il əvvələ - son tunc və ilk dəmir dövrünə aid olduğu ehtimal edilir.
Burada nekropolun birinin qazılan 7 qəbrindən 3-də bu dövrə aid məişətdə işlədilən saxsı qablar, bəzək əşyaları, əqikdən, kəhrabadan, sümükdən, pastadan, tuncdan hazırlanmış muncuqlar, sancaqlar, bizlər, ox ucluqları, bilərziklər, balıqqulağıdan hazırlanmış muncuqlar tapılıb. Bu da həmin dövr insanlarının o zaman balıqçılıq, ovçuluq, maldarlıq və əkinçiliklə məşğul olduqlarını sübut edir.
Qəhrəman Ağayev açıqlamasında onu da bildirdi ki, ekspedisiya öz işini aprelin 27-də yekunlaşdıracaq. Ekspedisiya barədə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbərliyinə hesabat hazırlanacaq.
İnstitut qarşısında Oğuzun Zərrab kəndinin ərazisində su anbarının inşasının hələlik məqbul olmadığı, burada 21 kurqan ərazisində geniş arxeoloji araşdırmalar aparılması üçün məsələ qaldırılacaq.
Əks təqdirdə burada su anbarı tikilərsə, tariximizin böyük bir hissəsinin araşdırılmadan məhv olması, su altında qalması təhlükəsi ilə üzləşə bilərik.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:10 / 24.04.2022
Oğuz rayonunda 2 qədim yaşayış yeri aşkarlandı – ÖZƏL FOTOLAR
Hazırda oxunan: Oğuz rayonunda 2 qədim yaşayış yeri aşkarlandı – ÖZƏL FOTOLAR
Hazırda oxunan: Oğuz rayonunda 2 qədim yaşayış yeri aşkarlandı – ÖZƏL FOTOLAR
71163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.