Qusarın Hil kənd sakini Maya Zəkiyeva bu il mart ayının 16-da ölü uşaq dünyaya gətirib. 35 yaşlı ana uşağının ölü doğulmasında Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin həkim-ginekoloqu Yelena Tağıyevanı ittiham edir.
Onun sözlərinə görə, hamiləliyinin 7-ci ayında xəstəxanaya gedib. Yelena Tağıyevanın məsləhətilə ona İmmunorna-300 iynəsi vurulub:
"Həmin iynədən sonra özümü pis hiss etdim. Sonradan öyrəndik ki, iynəni mənə səhv vurublar. Raqam əvəzinə bu iynəni vurublar. Hamiləliyimin 9-cu ayına qədər xəstəxanaya bir neçə dəfə gəlmişəm. Mənə deyirdi ki, yaxşı olacaq."
Maya Zəkiyeva deyir ki, doğuş üçün xəstəxanaya gələndə həkimin məsləhətilə ona ultra-səs müayinəsindən keçmək məsləhət görülüb, əvvəl ultra-səs müayinə üçün qadın həkimin yanına, sonra isə bu müayinə üçün kişi həkimin yanına gedib. Son müayinədə uşağın qüsurlu olduğü məlum olub. Şikayətçi deyir ki, bundan sonra Yelena həkimin məsləhəti ilə aptekdən iynə alıb vurdurub və uşağı ölü doğulub:
"Mənə dedi, 600 manat ver, sənə sağlam uşaq verim. Mənim uşağım da tələf oldu, bizi nahaqdan polisə də verib".
Maya Zəkiyeva iddia edir ki, uşağının ölü doğulmasında Yelena həkim günahkardır.
Hamiləliyinin 7-ci ayında ona vurulan iynədən sonra halı pisləşib. Həmin iynəni dövlət onlara verməlidir, onlar isə 175 manata bu iynənin əvəzedicisini alıblar.
Qadın artıq ona edilən həkim səhvi ilə bağlı Qusar rayon prokurorluğuna müraciət edib. O, hüquq-müdafiə orqanlarından məsələni düzgün və obyektiv araşdırmasını xahiş edir.
Övladını doğuş zamanı itirən Qusar rayon sakininin şikayətini TƏBİB-in Qusar rayon Mərkəzi Xəstəxanası Rublik Hüquqi Şəxsin baş direktor əvəzi Kamran Paşayevə çatdırdıq.
Paşayev isə Bizim.Media-ya açıqlamasında şikayətin doğru olmadığını, xəstəxanada ultra-səs müayinəsi həkimindən ginekoloqa qədər həmin ananın övladının sağlam doğulması üçün lazım olan hər şeyi etdiklərini deyib.
Zəkiyevlər ailəsinin şikayətçi olduğu Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin həkim-ginekoqu Yelena Tağıyeva barəsində deyilənlərin şər-böhtan olduğunu bildirib:
“Maya Zəkiyevanın hamiləlik dövründə və doğuş zamanı bütün lazımi yardımlar edilib. Qadının səhhətində problem gördüyüm üçün həmin iynəni – “İmmunorno”nu məsləhət gördüm. Raqam iynəsidir. Xəstəxanada olmadığı üçün məsləhət gördüm ki, özləri alsınlar. Həmin iynə soyuducuda buz içində saxlanılır, özəl firmadan gətirdilər, vuruldu. Pulunu da ailə ödədi, iynə səhv vurulmayıb".
Yelena həkimin sözlərinə görə, doğuş öncəsi qadın bir daha ultra-səs müayinəsinə göndərilib:
“Həmin aparatın biri köhnə olduğundan, 2- ci aparatda uşağın qüsurlu olduğu məlum oldu. Uşaq həqiqətən ölü doğuldu".
Yelena Tağıyeva uşağın ölü doğulmasında özünü günahkar saymadığını deyir:
“Ailə mənə qarşı şər-böhtan kampaniyası aparır. Maya Zəkiyevanın yaxın qohumu mənə hücum edib, barmağımı sındırıb, 15 gün barmağım gipsdə qalıb. Bu iş polis şöbəsində araşdırılır, cinayət işi açılıb. Ailə də məni prokurorluğa verib. Mən həkim kimi bacardığımı etmişəm. Zəkiyevlərin uşağı uşaq patologiyası səbəbindən ölü doğulub".
Hazırda hər iki şikayət hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 23.04.2022
Ananın uşağı ölü doğulub, həkimin barmağı sınıb - Qusar Doğum Evində nə baş verir? - ŞİKAYƏT
Hazırda oxunan: Ananın uşağı ölü doğulub, həkimin barmağı sınıb - Qusar Doğum Evində nə baş verir? - ŞİKAYƏT
Hazırda oxunan: Ananın uşağı ölü doğulub, həkimin barmağı sınıb - Qusar Doğum Evində nə baş verir? - ŞİKAYƏT
71064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.