Xəbər verdiyimiz kimi, Azərbaycanda mayın 1-dən tibbi maska tələbi ləğv edilir. Quru sərhədlərinin açılması və tibbi maskadan düzgün istifadə olunmadığına görə təyin olunmuş cərimələrin taleyi isə hələ də sual altındadır.
Məsələyə müəyyən aydınlıq gətirmək üçün millət vəkili Rüfət Quliyevlə əlaqə saxladıq.
Bizim.Media danışan millət vəkili bildirdi ki, pandemiya ilə bağlı təhlükənin bir qədər səngiməsi ardıcıl olaraq bəzi addımların atılmasına imkan yaradır:
“Bildiyiniz kimi, may ayının 1-dən etibarən maska rejimi ləğv olunur. İsti havaların gəldiyi bir dönəmdə vaxtında verilmiş qərardır. Maska rejimnin pozulmasına görə cərimələrin silinməsi məsələsinə gəlincə, bu barədə də müsbət qərarın olacağı gözlənilir”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan mayın 1-dən quru sərhədlərini AÇIR - ÖZƏL
Rüfət Quliyev quru sərhədlərinin açılmasına da münasibət bildirib:
“Rəsmi olmasa da, bizim qulağımıza gəlib çatan məlumata görə, bu yaxınlarda quru sərhədlərinin açılması məsələsinə də aydınlıq gətiriləcək. Səbrli olmaq lazımdır”.
Əldə etdiyimiz digər məlumata görə isə quru sərhədlərinin açılması iyun ayının 1-ə hesablanır. İndiki dövrdə belə bir qərarın gecikdirilməsi Rusiya-Ukrayna müharibəsi ilə də əlaqələndirilir.
Bildirilir ki, müharibə miqrasiya axınını gücləndirdiyindən insanların sağlamlıq vəziyyəti də nəzarətdən çıxıb. Ukraynanı tərk edən 5 milyona yaxın insanın içərsində isə nəzarətdən çıxan çoxlu sayda COVİD xəstəsinin olması mümkündür.
Ona görə də quru sərhədlərinin açılması qərarı da iynun 1-ə qədər uzadılıb.
Ehtimal olunur ki, iyun ayına qədər Rusiya ilə Ukrayna arasında gedən müharibə şəraitinə də aydınlıq gələcək.
Mia Quliyeva, Bizim.Media