İTİRİLMİŞ TARİX - Azərbaycanın Çar Rusiyası dövrünə aid arxivləri haradadır?

Hazırda oxunan: İTİRİLMİŞ TARİX - Azərbaycanın Çar Rusiyası dövrünə aid arxivləri haradadır?

71030

Rus imperiyası Azərbaycanı İranla ikiyə parçalayıb bölüşdükdən sonra rəsmi sənəd və dəftərxana işlərini də ölkəmizə çox gördü. Azərbaycanın mal-qoyunundan tutmuş, nadir ağacına qədər, motal papaq kəndlisindən tutmuş, nəcabətli bəyzadəsinəcən haqqımızda olan bütün məlumatları Tiflisə köçürdü və orada bizdən uzaq tutmağa çalışdı. Tariximizi, kökümüzü özümüzə əyyan olmağa qoymadı. Bu proses 1823-cü ildən 1918-ci ilə qədər belə davam elədi.

Nəsil şəcərəmizi bilməkdə, həqiqi tariximizi öyrənməkdə nə az, nə çox düz 95 il qısıqlıq yarandı. Tarix parçalandı. 

Acınacaqlı olan odur ki, bu arxiv sənədləşməsi cümhuriyyət və sovet dövründə də Tiflisin zirzəmilərində qaldı. Alim və ziyalılarımız, hətta sadə vətəndaşlarımız belə nəsli, mülkü haqqında bir məlumat əldə etmək istərdisə, Tiflisə müraciət etməli, uzun bir bürokratik əngəllərdən keçdikdən sonra müəyyən xərc ödəyərək bu məlumatlara yetişə bilərdi.
Bəs indi, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu 95 illik tariximizlə bağlı olan arxivlərimizin taleyi necə oldu? Onlar yenə Tiflisdədirmi? Bizim onlara əlimiz necə çata bilər?

Bizim.Media cəmiyyəti narahat edən bu sualla ilk olaraq tarixçi-alim, BDU-nun Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müdiri, millət vəkili Anar İskəndərova müraciət edib.

Tarixçi-alim açıqlamasında bildirib ki, Azərbaycan xanlıqları Çar Rusiyası tərəfindən işğal olunandan sonra Gürcüstan və o cümlədən Tiflis siyasi mərkəz elan olundu. 1823-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradıldı və onun da mərkəzi Tiflis elan edildi. Bu müddətdən sonra  Azərbaycana aid bütün sənədlər Tiflisdə toplanmağa başlanıldı.

“Məqsəd məlum idi, təbii ki, Çar Rusiyası Azərbaycan vahid gücə çevirilməsini istəmirdİ. Siyasi mərkəz Tiflis olduğu üçün həmən tarixdən 1918-ci ilə qədər Azərbaycanla bağlı bütün rəsmi sənədlər Tiflisdə toplandı. 1918-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra arxiv sənədlərimiz artıq Azərbaycanda formalaşdırıldı”.

Tarixçi alimin sözlərinə görə, maraqlı bir cəhət odur ki, 1922-ci ildə Zaqafqaziya Federasiyası yarananda Gürcüstan hökuməti Azərbaycana və Ermənistana arxivləri oradan aparmaqla bağlı müraciət edib:

“Ermənistan təbii ki, o zaman çox ustalıqla Gürcüstandan öz arxivlərini apardı, amma Azərbaycan isə bu arxivləri vətənə gətirə bilmədi.1936-cı ildə Zaqafqaziya Federasiyası ləğv olunanda Gürcüstan elan etdi ki, orada olan arxiv Gürcüstanın dövlət mülkiyyətidir. Oradakı sənədlərdən yalnız Gürcüstana gedərək istifadə etmək olar”.
Tarixçi öz açıqlamasında bundan sonrakı dövrdə həmən sənədlərdən istifadə ilə bağlı yaranmış çətinliklərə toxub: 

“Biz elmi tədqiqat işləri və digər məqsədlərlə həmən dövrə aid sənədlərdən istifadə ilə əlaqədar Gürcüstana getmək məcburiyyətində qalırdıq. 2014-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani idarəsinin arxivini ölkəmizə gətirmək üçün dövlət səviyyəsində bir çox çətinliklərimiz oldu”.

Tarixçi mənbəşünas alim açıqlamasında onu da qeyd edib ki, həmən illərə aid sənədlər Milli Arxiv İdarəsində saxlanılmasa da, hazırda Azərbaycandadır:

“Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü və gərgin əməyi nəticəsində 2014-2019-cu illər arası düz 5 il müddət ərzində, Azərbaycanın Çar Rusiyası dövrünə aid əsl-nəcabətini yəni, 1823-dən 1918-ci ilə qədər olan müddəti əks etdirən 70 min səhifə təşkil edən və uzun illər Gürcüstanda saxlanılan Azərbaycanla bağlı bütün sənədlər ölkəmizə gətirilib”.
Hazırda  həmən sənədlərin Milli Arxiv İdarəsində yox, məhz Qafqaz Müsəlmanları İdarəsində saxlanıldığına toxunan millət vəkili əlavə edib ki, sözügedən sənədlərin gətirilməsi ilə bağlı bütün xərclər Şeyx Allahşükür Paşazadənin təşəbbüsü ilə Qafqaz müsəlmanları idarəsi tərəfindən qarşılanıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin