Xətai rayonu 165 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun ölüm səbəbi ilə bağlı anasının açıqlamasını dərc etmişdik.
Bizim.Media-ya danışan Ramal Osmanovun anası Mədinə Osmanova oğlunun həkim səhlənkarlığından və biganəliyindən öldüyünü iddia edib. Ana Ramalın son nəfəsində ona K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) və Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının həkimlərinin heç bir yardım göstərməmələrindən şikayətlənib.
MÖVZU İLƏ BAĞLI:
İki xəstəxananın qəbul etmədiyi səbəbdən ölən məktəbli ilə bağlı RƏSMİ AÇIQLAMA
Mədinə Osmanovanın məlum iddiası hər iki xəstəxananı hərəkətə gətirib. Yazımızdan sonra Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məsələyə münasibət bildirərək məktəblinin sözügedən xəstəxanaya gətiriləndə artıq dünyasını dəyişdiyini qeyd edib.
Bu gün isə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) məsələyə mövqe bildirib. Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Quliyev isə Bizim.Media-ya açıqlamasında baş verənlərlə bağlı bunları deyib:
“Ananın üzüntüsünü anlayırıq, Allah rəhmət eləsin. Ancaq həqiqət bu şəkildədir. Ramal Osmanov bizim xəstəxanaya göndərişlə gəlmədiyi üçün uşağın bizim xəstəxanaya gəlişindən məlumatımız olmayıb. Uşağa ilkin tibbi yardım elə Sumqayıt Şəhər Uşaq Xəstəxanasında göstərilib. Təcili tibbi yardım maşını səhvən bizə gəlib. Təcili tibbi yardım maşınındaca növbətçi həkim uşağa baxış keçirib.
Sadəcə bizdə lor (qulaq, burun, boğaz ) sahəsində ixtisaslaşmış həkim olmadığına görə xəstə vaxt itkisi olmadan Kliniki Tibbi Mərkəzin Uşaq Klinik xəstəxanasına yönləndirilib”, - deyə Nurlan Quliyev əlavə edib.
Xatırladaq ki, aprelin 11-də Xətai rayonu 165 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ramal Zaur oğlu Osmanov burnundan qan açıldığı üçün dünyasını dəyişib.
Alçina Amilqzı, Bizim.Media