Xətai rayonu 165 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun ölüm səbəbi ilə bağlı anasının açıqlamasını dərc etmişdik.
Bizim.Media-ya danışan Ramal Osmanovun anası Mədinə Osmanova oğlunun həkim səhlənkarlığından və biganəliyindən öldüyünü iddia edib.
MÖVZU İLƏ BAĞLI:
Qəfil ölən məktəblinin anası FƏRYAD ETDİ – “Hər iki xəstəxanada can verən oğlumun üzünə baxmadılar”
Ana Ramalın son nəfəsində ona K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) və Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının həkimlərinin heç bir yardım göstərməmələrindən şikayətlənib.
Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Mədinə Osmanovanın Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanası ilə bağlı iddiasına münasibət bildirib.
O, deyib ki, Ramal Osmanov sözügedən xəstəxanaya gətiriləndə artıq dünyasını dəyişmişdi:
“23.04.2004 təvəllüdlü Ramal Zaur oğlu Osmanov aprel ayının 11-də saat 23:02 radələrində Sumayıt Şəhər 13 saylı təcili tibbi yardım və həkim müşayiətilə Kliniki Tibbi Mərkəzin nəzdindəki 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişdiyi məlum olub. Hər halda bununla bağlı əldə sənədlər var. Hadisə zamanı orada olan həkimlərimizin verdiyi məlumata görə təcili tibbi yardım maşınında Ramal Osmanovu götürmək istəyərkən, məlum olub ki, artıq yeniyetmə dünyasını dəyişib.
Bu zaman orada cəsəd aşkarlandığı üçün dərhal ərazi üzrə 20-ci Polis Bölməsinə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Yerindəcə təcili yardım maşınındakı cəsədlə bağlı akt tərtib olunub. Akta təcili yardım maşını ilə gələn həkim, reanimasiya həkimi və müalicə xidmətinin əməkdaşı, eləcə də uşağın dayısı Rəsul Bəşirov imza edib”.
Elnur Hidayətoğlu qeyd edib ki, Ramal Osmanovun ölüm kağızının verilməsini də təcili yardım maşının həkimi öz üzərinə götürüb.
Növbəti dəfə saytımıza danışan Ramal Osmanovun anası Mədinə Osmanova isə Kliniki Tibbi Mərkəzin açıqlaması ilə razılaşmayıb.
O, deyib ki, məhz 2 nömrəli Kliniki Uşaq Xəstəxanasının həkimləri oğlunu 2 saat təcili tibbi yardım maşınında saxlayıb və qəbul etməyib:
“Bu müddət ərzində də uşağın vəziyyəti ağırlaşdı və həkim üzərinə götürmədiyinə görə qorxudan şoka düşdü. Amma nəbzini yoxladılar, uşaq sağ olub. Sonradan başqa bir həkim yaxınlaşaraq Ramala baxacağını deyib. Uşağı liftlə qaldıranda ürəyi partladı və orada keçinib. Əgər təcili tibbi yardımda dünyasını dəyişmişdisə, niyə digər həkim boynuna götürdü? Uşağın ölümü həkim səhlənkarlığından olub və mən bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyəm”, - deyə ana əlavə edib.
Xatırladaq ki, aprelin 11-də Xətai rayonu 165 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ramal Zaur oğlu Osmanov burnundan qan açıldığı üçün dünyasını dəyişib.
Məsələ ilə bağlı K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin də mövqelərini dərc etməyə hazırıq.
Alçina Amilqzı, Bizim.Media