İmtahanlarda sual kitabçalarının abituriyentlərdən təhvil alınması məsələsi yenidən gündəmə gəlib. Ekspertlər nəticələrin aşağı olmasına səbəb kimi məhz bu amili əsas gətirirlər. Hesab edirlər ki, DİM buraxılış imtahanında təqdim etdiyi test tapşırıqlarından ibarət kitabçanı şagirdlərə versə, onlar həmin sınaq üzərində çalışarlar.
Bəs, illərdir bu məsələ niyə həllini tapmır?
MÖVZU İLƏ BAĞLI:
İmtahandakı sual kitabçaları niyə paylanmır? - Əsas səbəblər bunlardır
Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında bildirib ki, test kitabçalarının abituriyentlərdən alınması sualların yayılmaması üçündür:
“İmtahan suallarının içərisində şagirdlər tərəfindən yazılması tələb olunan açıq tipli sualların tapşırıqları var. Bu tapşırıqların yoxlanılması zamanı sual kitabçasının olması vacibdir. Bəzən abituriyentlər iddia edir ki, sual kitabçasında qeyd etdikləri cavab kartında öz əksini tapmayıb. Nəticə etibarilə Apelyasiya komissiyası abituryentin iddiası üzrə yoxlama apardığı zaman sual kitabçasına ehtiyac duyulur. Birinci səbəb budur. İkinci səbəb kimi isə sualların daha çox yayılmamasıdır. Əvvəlki dövrdə qapalı tipli sullar həddindən çox yayılmışdı. Nəzərə alsaq ki, test üsulu ilə keçirilən imtahanların sonuncu qəbulunda 29 nəfər 700 bal toplamışdı. Bu da rekord bir göstərici idi.
Əsas səbəb isə test suallarının kifayət qədər yayılması olmuşdu. Həmin sualları abituriyentlər əzbərləmişdilər. Bir sözlə test kitabçalarının götürülməsi sualların yayılmasının qarşısının alınması məqsədi daşıyır”.
Ekspert hesab edir ki, gələcəkdə qapalı və ya açıq tipli olmayan suallar kitabçada əksini taparsa, yenidən həmin kitabçalar abituriyentlərə verilə bilər:
“Onu da qeyd edim ki, sualı yazan hər bir müəllimə DİM tərəfindən müvafiq ödəniş ödənilir. Bu ödəniş ödənildiyi üçün sualların ələ düşüb, daha çox yayılması bir qədər işi çətinləşdirir. Məcburən yeni sualların yazılması zaman tələb edir. Düzdür, hər il müəyyən mövzularla bağlı yeni suallar salınır. Amma bazada olan sualların yayılmasının qarşısının alınması məqsədilə bu kitabçalar yığılır”.
Alçina Amilqızı, Bizim.Media