“Əhəd Abıyev məni döydürəcək” – Məhkəməni udan jurnalist dövlətdən qorunmağını istədi

Hazırda oxunan: “Əhəd Abıyev məni döydürəcək” – Məhkəməni udan jurnalist dövlətdən qorunmağını istədi

70610

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən məhkəməyə verilən və məhkəmədə qalib gələn jurnalist Cavid Şirəliyev dövlətdən qorunmağını istəyir.

O, bu barədə Bizim.Media-ya açıqlamasında məlumat verib:

“Məsələ kiçik bir xəbərdən başladı və məhkəməyə kimi uzandı. Saytlardan birində “Pərvin Abıyeva ilə Əhəd Abıyevi hansı tellər bağlayır?” - adlı yazı getmişdi. Həmin yazıdan sonra Daşkəsən Rayon İcra Hakimiyyəti bu məsələni təkzib etdi və bu günə kimi səbəbini bilmədiyim halda mən ittiham olunmağa başladım.”

Jurnalistin sözlərinə görə, İcra başçısı ilə yaxın qohumluq əlaqəsinin olmasına baxmayaraq, başçı yenə də məhkəmə iddiasından əl çəkməyib:

“Əhədin mənimlə qohumluq əlaqəsi var. Xasiyyətinə bələd olduğum üçün həmişə onunla bağlı nə isə yazmaqdan yan keçmişəm. Amma görünür ona kimsə yalnış olaraq informasiya verib ki, bu xəbəri mən yazmışam və çox böyük ehtimal, buna görə də məni məhkəməyə verib”.  

Məsələni daha ətraflı izah edən Cavid Şirəliyev fikrinə belə davam edib:

"7gun.az" adlı saytım var idi və saytın bir neçə ay öncə fəaliyyətini dayandırdığını rəsmi olaraq bəyan etmişəm. Əhəd bəy haqqında yazılan xəbər isə imzasız olaraq 7gun.org saytında paylaşılıb və mənə heç bir aidiyyatı yoxdur. 

“Daşkəsən Rayon İcra Hakimiyyəti bu yazıyla bağlı bəyanat verəndə 7gun.org daha bir yazı verdi ki, İcra Hakimiyyətinin başçısı yaxşı olar ki, yerli əhali ilə maraqlansın. Bu cür məsələlər sonrakı işlərdir və cənab Abıyev də məhz bu yazıdan sonra dayanmadan məni məhkəməyə verdi”.

Məhkəmə prosesi ilə bağlı da danışan jurnalist qeyd edib ki, məhkəmə prosesi qeydiyyatda olduğu Masallı rayonunun birinci instansiya məhkəməsində keçirilib. 

“Məhkəmə 18 Aprel 17:00-da hakim Firdovsi Əliyevin sədirliyi ilə baş tutdu. Haqqımda 147.1 və 148-ci maddələrlə hökm çıxarılması tələb olunurdu. Qarşı tərəfdən Əhəd Abıyevin vəkili və Daşkəsən İcra Hakimiyyətinin İctimai və Siyasi şöbəsinin müavini gəlmişdi. Bu insan Əhəd Abıyev üçün xüsusi canfəşanlıq etməkdə idi. Məhkəmə zamanı mənə qarşı işlətdiyi təhqiredici və şantaj xarakterli ifadələrdən dolayı hakim iki dəfə xəbərdarlıqdan sonra onu zaldan qovdu. Doğrudan da, oradakı hamıya maraqlı gəldi ki, özünü etik qaydalarla ifadə edə bilməyən insan necə ictimai və sosial şöbədə çalışa bilər?”

Açıqlaması zamanı jurnalist icra başçısının məhkmədə nə üçün uduzmasına da aydınlıq gətirib:

“Haqqımda təqdim etdikləri sübutlar yetərli hesab olunmadı. Çünki hamısı fotoşopda hazırlanmış saxta məlumatlara əsaslanan sənədlər idi. Mən də öz fakt və sübutlarımı məhkəməyə təqdim etdim. Göstərdim ki, 7gun.org saytı mənə məxsus deyil və orada yazılanlarla bağlı mən məsuliyyət daşımıram”.

Açıqlamanın sonunda isə jurnalist icra başçısından gələcək təhdidlərlə bağlı həyati təhlükəsinin olduğunu dilə gətirib:

“Məhkəməni uduzduqdan sonra icra başçısının sağlamlığıma xələl yetirəcəyindən çox narahatam, məndə bu barədə məlumatlar var. Ondan gələ biləcək hər hansı təhlükədən mühafizə olunmağımla bağlı ölkə başçısına müraciət ünvanlayacağam”.

Məsələ ilə bağlı Daşkəsən rayonu icra başçısı Əhəd Abıyevlə əlaqə yaratmağa çalışsaq da zənglərimizə cavab vermədi. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin