Təhsil İnstitutunun direktoru: “Təhsil ekspertləri fikir bildirəndə ehtiyatlı olmalıdırlar”

Hazırda oxunan: Təhsil İnstitutunun direktoru: “Təhsil ekspertləri fikir bildirəndə ehtiyatlı olmalıdırlar”

70527

(müsahibənin əvvəlini buradan oxuyun)

Xəbər verdiyimiz kimi buraxılış imtahanları ilə bağlı ictimaiyyətdə yer alan fikir ayrılıqları, imtahan sullarının çətinliyi və bununla bağlı islahatların aparılması mövzusunda Bizim.Media Təhsil İnstitutunun direktoru Rüfət Əzizovla həmsöhbət olub. Rüfət Əzizovla müsahibənin davamını oxucularımıza təqdim edirik: 
 

MÖVZU İLƏ BAĞLI:

Buraxılış imtahanlarının nəticəsi necədir? - Təhsil İnstitutunun direktoru ilə MÜSAHİBƏ


- İmtahanlarımızı beynəlxalq qiymətləndirmələrdə necə müqayisə edərdiniz? 

- Artıq bütün azərbaycanlı şagirdlər neçə ildir ki, beynəlxalq qiymətləndirmələrdə iştirak edir və Təhsil İnstitutu bu beynəlxalq qiymətləndirmələri keçirir. Orada da, konkret desək oxuyub anlamaqla bağlı oxşar çətinlik və problemləri görürük. Beynəlxalq qiymətləndirmələrdə şagirdlərimiz müəyyən məzmun xətləri üzrə riyazi mühakimə yürütmək çətinliyi çəkir. Eyni zamanda bunu buraxılış imtahanlarında da görürük. Beynəlxalq qiymətləndirmələrdə verilən suallar daha çox səriştələri üzə çıxarmağa çalışır.  Hansı ki, bu sahədə inkişaf daha da davam etməlidir. Hədəfimiz şagirdlərin səriştələrini ortaya çıxarmalarıdır. Beynəlxalq qiymətləndirmələrdə sualların qoyuluşu müxtəlif təbiət hadisələri, həyatda baş verən məsələlərlə, əmək bazarının tələbatına uyğun səriştələrlə əlaqələndirilir. İstərdik ki, bunu bütün buraxılış imtahanlarında da görək. Təhsil institutu tərəfindən hazırlanan dərsliklərin, kurikulumların və digər metodik vəsaitlərin istiqaməti beynəlxalq qiymətləndirmələrdir.

Hədəfimiz 2030-cu ilə qədər beynəlxalq qiymətləndirmələrdə şagirdlərin nəticələrini yaxşılaşdırmaqdır. Bu mənada istərdik ki, buraxılış imtahanları beynəlxalq qiymətləndirmələrin tələbinə uyğun yol getsin. 
- Bu sahədə durumun yaxşılaşması üçün Təhsil İnstitutu və Təhsil Nazirliyi konkret nə edir?

- Təhsilin qiymətləndirilməsi çox vacib məsələdir. Biz istər buraxılış imtahanları, istər beynəlxalq qiymətləndirmələr, istərsə də digər mərkəzləşmiş insanlar vasitəsilə çətinliklərimizi görə bilirik. Ən əsası isə müəllimlərlə bağlı olan problemləri həll etməyə çalışmalıyıq. Bilirsiz ki, müəllimlər yalnız imtahan vasitəsilə işə qəbul olunurlar və qarşılarına çox böyük tələblər qoyulur. Artıq bu sahədə müsbət dəyişikliklərin baş verdiyini görürük. Bundan əlavə Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən zəif nəticə göstərən məktəblərin inkişaf planı hazırlanır. Eləcə də müxtəlif fənlər üzrə kurikulumların və onlara uyğun dərsliklərin yenilənməsi ilə məşğuluq. Bütün ibtidai siniflərin Azərbaycan dili, Riyaziyyat və İngilis dili dərslikləri yenilənib. Yeni tələblərə cavab verən I və II sinif dərslikləri kütləvi istifadədədir. Yenilənmiş 3 - 4-cü sinif dərslikləri isə bu il və gələn ildən etibarən kütləvi istifadəyə veriləcək. Gələcək 3-4 ildə bütün dərsliklərimizi yeni standartlara, səriştə əsaslı təhsilə uyğunlaşdırmağa çalışacağıq. Bu dərsliklərdən düzgün istifadə etmək üçün müəllimlərimizi hazırlamalıyıq.  

Burada böyük yük pedaqoji təhsil verən universitetlərin üzərinə düşəcək. Onlar da tədricən öz proqramlarını və yanaşmalarını yeniləməlidirlər. Bir sözlə görüləcək işlər çoxdur və proses sürətlə gedir. 
- Müxtəlif təhsil ekspertləri və müəllimlərin buraxılış imtahanlarının nəticələri ilə bağlı fikir ayrılıqlarına münasibətiniz nə olardı? 

- Əslində müxtəlif müəllim və ekspertlərimizin aktiv olmağı, müzakirələrdə iştirakı, təklifləri yaxşı haldır. Təhsil gündəmimizə çevrilibsə və onun problemlərini müzakirə ediriksə, təqdir olunacaq haldır.
Bəzən görürük ki, müxtəlif ekspertlərin fikirləri sadəcə olaraq bir neçə hadisənin müşahidəsindən ibarət olur və yaxud çox az insanın dediyi fikirlərə əsaslanır. O mənada faydalı olar ki, bütün deyilən fikirlər daha geniş təhlillərə, tədqiqatlara əsaslansın. Çünki əsaslandırılmayan fikirlər gündəmdə çox qala bilmir. Yaxşı bir fikir ən yaxşı tədqiqata, təhlilə və statistikalara əsaslanmalıdır. Biz də çalışırıq ki, şagirdlər və valideynlər üçün əhəmiyyətli olan məsələlərdə fikirlərimizi ehtiyatla, əsaslandıraraq bildirək. Təhsil ekspertləri də həm şagirdlər, həm də valideynlər üçün həyati vacib olan məsələlərə fikir bildirəndə ehtiyatlı olmalıdır.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin