Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 80.7 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2-3 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, yolun əsas hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi aparılır. Tunel və körpü hissələrdə isə yol 4 hərəkət zolaqlı olacaq.
Hazırda yolun 12-13 və 26-28 km-lik hissələrində torpaq yatağının, həmçinin zəruri nöqtələrdə suötürücü boruların tikintisi davam edir. 2 hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-cı km-lik hissədə isə yeni su kanalının inşası davam etdirilir.
Bundan başqa layihə üzrə mövcud çay yataqlarının köçürülməsi 660 metr olmaqla yekunlaşıb. 132 metrlik daş divar və 360 metr uzunluğu olan istinad divarının tikintisi üzrə işlər aparılır, 250 metr uzunluğa malik geosentetik divar üzrə tikinti işləri isə son mərhələdə icra olunur.
Layihənin 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş istiqaməti üzrə 1400, gəliş istiqaməti üzrə isə 1200 metr olmaqla qazma işləri tamamlanıb.
Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan və hər birinin uzunluğu 21 metr olan 2 ehtiyyat keçidinin tikintisi də yekunlaşıb.
Hazırda tuneldə partlatma və qırıcı üsulları ilə qaya qruntlarından ibarət hissələrin kənarlaşdırılması, suyun kənaşdırılması üçün drenaj işləri və püskürtmə üsulu ilə tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir. Ümumilikdə tunel üzrə işlərin 25%-i yerinə yetirilib.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində uzunluğu 542, eni 12 metr olan Tunel 1-də də tikinti işlərinə başlanılıb. Artıq tunelin giriş və çıxış hissəsində ümumilikdə 175 metr qazma işləri icra olunub.
Həm yol boyu, həm də tunellərdə tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən yüksək səviyyədə aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin 2025-ci ilədək yekunlaşdırılması məqsədi ilə Agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir.
Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:27 / 19.04.2022
Toğanalı-Kəlbəcər-İstisu yolunun tikintisindən yeni GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Hazırda oxunan: Toğanalı-Kəlbəcər-İstisu yolunun tikintisindən yeni GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Hazırda oxunan: Toğanalı-Kəlbəcər-İstisu yolunun tikintisindən yeni GÖRÜNTÜLƏR - FOTO/VİDEO
70437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.