Göyçay İcra Hakimiyyətində YARPAQ TÖKÜMÜ – Başçının müavini niyə İŞƏ GƏLMİR?

Hazırda oxunan: Göyçay İcra Hakimiyyətində YARPAQ TÖKÜMÜ – Başçının müavini niyə İŞƏ GƏLMİR?

70358

Göyçay Rayon İcra Hakimiyyətində yarpaq tökümü davam edir. Neçə vaxtdır ki, icra hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qanun pozuntuları ilə bağlı yoxlamalar başlayıb. Bu konteksdə arda-arda həbslər və vəzifədən kənarlaşdırılmalar baş verir. 

Təxminən bir ay əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev saxlanılıb.

5 icra başçısının köməkçisi kimi çalışan Vahid İsayev işlədiyi qurumda yol verdiyi qanun pozuntularına görə ittiham olunur. Vahid İsayevdən sonra növbə icra hakimiyyətində çalışan digər səlahiyyətliyə - Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürova çatdı.

O, da İcra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlı iki gün əvvəl saxlanıldı.

Bizim.Media-nın əldə etdiyi məlumata görə İcra hakimiyyətinin daha iki səlahiyyətlisi - Göyçay Rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova və Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov da Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən dindirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Göyçay Rayon İcra Hakimiyyətinin daha iki vəzifəlisi DİNDİRİLDİ


Yaxın günlərdə hər iki rəsmi şəxsin saxlanılacağı ehtimal olunur. Mənbənin bildirdiyinə görə Zivər Zeynalova işdən çıxmaq üçün ərizə yazıb və bir neçə gündür ki, işə çıxmır. Məlumatda o da qeyd olunur ki, Zivər Zeynalovanın Göyçayda fəaliyyət göstərən bağça direktorları ilə adı müəyyən qalmaqallarda çəkilir. 

Məsələ ilə bağlı hər iki şəxslə əlaqə yaratmaq cəhdimiz baş tutmayıb. 

Məlumat üçün bildirək ki, “Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı Cavid Rəhimov barəsində 2020-ci ildə Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
 

Xatırladaq ki, Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Prezident İlham Əliyevin sərəncamı ilə fevralın 28-də işdən çıxarılıb. O, 2016-cı il iyunun 10-da bu vəzifəyə təyin olunmuşdu. 


İddialara görə Mehdi Səlimzadə Göyçay rayonuna icra başçısı təyin olunandan sonra fermerlərə, bələdiyyələrə məxsus torpaq sahələrinə əl qoyub.

Həmçinin, Göyçay rayonunda torpaqların suvarılması üçün sovet dönəmində tətbiq edilmiş 500.000 metrdən çox çürüməyən qiymətli metaldan düzəldilmiş boruları torpağın altından çıxartdırıb satmaqda ittiham olunur. 

Bundan əlavə hazırda həbsdə olan Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin cinayət  ittihamında qeyd edilən 250 000 manat pulun Mehdi Səlimzadə tərəfindən mənimsənildiyi də yer alıb. 

Hazırda Göyçay rayonuna icra başçısının birinci müavini İkram Vəliyev rəhbərlik edir.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin