Şirvan şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin yeganə və mərkəzi giriş qapısının bağlandığını xəbər vermişdik. Şəhər sakinlərinin bildirdiyinə görə, həmin yer başqasına satılmaq üçün şəhər rəhbərliyinin rizası ilə bağlanıb. Hətta bu məsələdə xəstəxana rəbərliyinin şəhər icra başçısından razılıq aldığı barədə də söyləntilər var.
Qeyd edək ki, xəstəxana işçiləri də Bizim.Media-ya açıqlamalarında sözügedən şöbənin giriş hissəsinin qapadıldığını təsdiqləmişdilər.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamirə Adilova Bizim.Media-ya bildirib ki, bundan öncə doğum evinin giriş hissəsi kimi istifadə olunan yerin hasara alınması ilə bağlı sosial şəbəkələrdə səsləndilən ittihamlar həqiqəti əks etdirmir:
MÖVZU İLƏ BAĞLI:
Şirvan xəstəxanasının Doğum şöbəsi kimə SATILIB? – Qapısı bağlanan şöbə işçilərindən ŞİKAYƏT
“Doğum evinin giriş hissəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin kütləvi toplaşması, eyni zamanda girişə yaxın hissədə səyyar satış piştaxtalarının qurulması ilə bağlı daxil olan vətəndaş şikayətlərinə uyğun olaraq giriş hissənin fəaliyyəti dayandırılıb. Hazırda Sirvan Rayon Mərkəzi Xəstəxasında vətəndaşların rahat istifadəsi üçün 4 giriş-çıxış hissəsi mövcuddur ki, onlardan ikisi eyni zamanda nəqliyyat vasitələri ilə gələn vətəndaşlar üçün nəzərdə tutulub. Vətəndaşlar öz nəqliyyat vasitəsilə xəstəxananın həyətinə daxil ola və geniş parklanma zolağından istifadə edə bilərlər”.
TƏBİB sözçüsü onu da əlavə edib ki, 4 giriş hissəsi bir birindən 20 metr məsafədə, doğum evinə isə 50 metr uzaqlıqda yerləşir.
Alçina Amilqızı, Bizim.Media