Müştəri və xidmət təklif edən şəxslər arasında bir sıra məsələlər ətrafında yaranan anlaşmazlıqlar zaman-zaman geniş müzakirə və mübahisə mövzusuna çevrilir. Sözügedən problemli məsələrədən biri yüksək məbləğdə vəsait qarşılığında qalıq pulun qaytarılması ilə bağlıdır.
Məsələn, taksi sifariş etmiş şəxs xidmətin qarışlığı olaraq 3 manat ödəniş etməlidir. Lakin müştəri üzərində xırda pul olmadığı, yaxud da pul xırdalamq üçün 100, 200 manatlıq əskinası sürücüyə təqdim edir.
Sürücü qalığı müştəriyə qaytarmaq üçün lazımi vəsaitə malik olmadığını bildirdikdə isə anlaşmazlıq yaranır.
MÖVZU İLƏ BAĞLI:
Bakıda taksi fəaliyyəti ilə bağlı yeni normativlər tətbiq ediləcək
Bu cür vəziyyətlə bağlı ictimai fikirdə də haçalanma müşahidə olunur. Bir qrup müştərinin kiçik məbləğ qarşlığında böyük əskinas təqdim etməsinin etik olmadığını qeyd edir. Digərləri isə istənilən halda müştərinin haqlı olduğunu və xidmət təklif edən şəxsin qalığı qaytarmağa borclu olduğunu bildirirlər.
Məsələnin hüquqi tərəfinə gəlincə...
Bizim.Media ilə fikirlərini bölüşən hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, bu cür xırda anlaşmazlıqlar hər hansı hüquqi normalarla tənzimlənmir:
“Sadəcə bu cür situasiyalarda hesab olunur ki, müştəri ilə xidmət təklif edən şəxs arasında şifahi xidmət müqaviləsi imzalanır. Birinci tərəf öz xidmətini göstərib və bunun qarşılığını almalıdır. Lakin kim pulu xırdalamalıdır şəklində xırdalıqlar qanunda öz əksini tapa bilməz. Bu iki tərəf arasında şifahi razılaşma ilə həllini tapmalıdır. Qanunvericilikdə bunu tələb etmək də düzgün deyil ki, xidmət göstərənin üzərində mütləq xırda pul olmalıdır və o, qalığı qaytarmalıdır. Yaxud da müştəri 1 manatlıq xidmətə görə 50 manat ödəməməlidir”.
Belə xırda məsələlərin yazılı olaraq tənzimlənmədiyini bildirən hüquqşünas problemin həllinə şəxslər arasında nail olmağın zəruriliyini vurğulayıb.
Əsabəli Mustafayev fikirlərinin davamında, “müştəri hər zaman haqlıdır” müddəasının bu kimi problemlərin həllində əsas götürülməsinə də münasibət bildirib:
“Əslində, xidmət servisi tələb edir ki, xidmət göstərən müştərini razı salmağa borcludur. Bu, yazılmamış qanundur və bütün dünyada tətbiq olunur. Lakin elə bir problemin yaranması, xidmət göstərənin etik davranış qaydasıdır, qanun pozuntusu deyil. Bundan ötürü hər hansı hüquqi məsuliyyət nəzərdə tutulmayıb. Ola bilsin ki, firmadaxili qaydalara görə, şikayət əsasında əmək normaları ilə nizamlanan hər hansı intizam tədbiri görülə bilər”.
Məsələyə bir də başqa baxış var:
Dini və ictimai şəkildə formalaşmış davranış qaydalarında göstərilir ki, “sizə xidmət edənin alın təri qurumamış haqqını verin”
Mağazalarda aldığınız mal müqabilində pulunuzun qalığını qaytarmaq, həmin problemi həll etmək daha çox satıcıların üzərinə düşürsə, taksi, çatdırılma xidmətlərində bu elə deyil. Çünki taksi sürücüsü bütün gün 20-30 müştəriyi xidmət göstərir və onun hər kəsin təqdim etdiyi böyük əskinasını xırdalamaq heç bir mənada borcu deyil. Belə məqamlarda qarşılıqlı çıxış yolu tapılmaqla məsələ çözülməlidir.
Murad Əhmədov, Bizim.Media