Dahi bəstəkarın yubileyi Gəncədə qeyd olundu - FOTO

Hazırda oxunan: Dahi bəstəkarın yubileyi Gəncədə qeyd olundu - FOTO

70053

Gəncədə dahi bəstəkar Qəmbər Hüseynlinin 106 illiyinə həsr olunan tədbirlər keçirilib. 

Bizim.Media-nın Gəncə bürosunun məlumatına görə, Gəncədə Azərbaycanın  görkəmli sənətkarı, "Cücələrim" mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynlinin 106 illiyi dahi bəstəkarın məzarı önündə qeyd olunub.

Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov,  Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, bəstəkar, Xalq artisti, professor Siyavuş Kərimli, Konservatoriyanın Elmi İşlər üzrə prorektoru Lalə Hüseynova, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq  üzrə fəlsəfə doktorları, İrsimizin tədqiqi və təbliği İctimai Birliyinin sədri  Səadət Təhmirazqızı, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Əməkdar artistlər Təhmiraz Şirinov,  Babək Niftəliyev, bəstəkarın ailə üzvləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə tədbir iştirakçıları  bəstəkarın abidəsinin önünə gül dəstələri düzüblər.

Tədbiri Azərbaycan Milli Konservatoriyasının Elmi-İşlər üzrə prorektoru Lalə Hüseynova açaraq Qənbər Hüseynlinin zəngin musiqi yaradıcılığı barədə məlumat verib. 

Siyavuş Kərimli çıxışında bildirib ki, Azərbaycan mədəniyyətinin təməlinin qoyulmasında iştirak etmiş möhtəşəm bəstəkarlardan biri məhz Qəmbər Hüseynlidir. O, belə bəstəkarların xatirəsinin qorunub saxlanılmasında, onların yad edilməsində Gəncə sakinlərinin çox böyük rolu olduğunu vurğulayıb. 

Bəstəkarın ailə üzvləri, “Cücələrim” mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynli haqqında xatirələrini bölüşüblər, onun həyat və yaradıcılığından danışıblar.

Ailə üzvləri Qəmbər Hüseynlinin yaradıcılığına göstərdikləri xüsusi diqqətə görə ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Babək Niftəliyev Əməkdar müəllim Naibə Şahməmmədovanın müşaiyəti ilə Qəmbər Hüseynlinin “Ay İşığında” mahnısını təqdim edib.  

Sonda  4 nömrəli Uşaq Musiqi Məktəbinin yetirmələri tərəfindən bəstəkarın məşhur “Cücələrim” mahnısı ifa olunub.

Məqsəd Rəhimov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin