“Kütləvi 1-ci sinfə qəbul 6-7, maksimum 8 yaşdır. Hətta 8 yaş 1 aylıq olanda belə uşaq fərdi sinfə qəbul ediləcək, bu zaman isə kütləvi sinifdəki təhsildən keyfiyyəti aşağı olacaq. Uşağı vaxtında təhsilə vermək onu daha çox dəstəkləyir. Uşağın 6 yaşı varsa, mütləq məktəbə yazdırmaq lazımdır”.
Bunu Təhsil Nazirliyinin Məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. Onun sözlərinə görə, uşaqların kütləvi siniflərə qəbulu 8 yaşda bitəcək.
Azərbaycan üçün bu yeni qərar beynəlxalq təcrübədə özünü necə göstərir? Xarici ölkələrdə uşaqlar neçə yaşında məktəbə başlaya bilər?
Hüquqşünas Əsabəli Mustafayevin Bizim.Media-ya açıqlamasında müxtəlif ölkələrdə bu sistem müxtəlif ola bilər, hətta bir ölkədə bu sistem çoxvariantlılıq sərgiləyə bildiyini göstərib.
“Amerika və Avropa ölkələrində dövlət məktəbləri ilə yanaşı, bələdiyyə məktəbləri və özəl məktəblər var. Orada da şərtlər fərqli olur. Ümumilikdə isə, ən geniş yayılmış məktəbəqəbul yaş həddi 6 yaşdır. Bəzi məktəblər 5 yaşdan da qəbul etdiyi halda, bəziləri üçün minimum yaş həddi 7 yaşdır. Belə ölkələrdə dövlət tərəfindən vahid yaş həddi qoyulmur və məktəblərə görə dəyişir”.
Ekspert qeyd edir ki, beynəlxalq sistemdə məktəblər öz resurs və imkanlarına uyğun olaraq yaş həddi təyin edirlər.
“Buna uyğun olaraq da məktəblər müəyyən proqramlar qururlar. Məsələn, 6 yaş üçün 4-5 günlük qısadılmış dərs, dərs günləri arası fasilələr, gəzintilər, ekskursiyalar, nahar üçün fasilələr - bunların hamısı xüsusi proqram əsasında qurulur”.
Hüquqşünas ən maraqlı praktikanın İngiltərədə olduğunu vurğulayıb.
“Uşaqlar orada bir qayda olaraq 4 yaşından oxumağa başlayırlar. Onlar körpələr üçün müəyyən edilmiş məktəblərdə oxuyurlar. Ümumiyyətlə, İngiltərədə təhsil sistemi çoxpilləlidir”.
Əsabəli Mustafayev Azərbaycan təhsil sisteminin Rusiya ilə bənzərlik təşkil etdiyindən danışıb.
“Azərbaycanda məktəbəqəbul 6 yaşından başlayır. Rusiyada da belədir. İtaliyada isə məsələ tamam fərqlidir, valideyn istədiyi vaxt övladını məktəbə qoya bilər və məktəb məcburdur ki, uşağı qəbul etsin. Burada həm valideynə, həm də məktəbə seçim haqqı verilir”.
Ekspert Türkiyədə olan məktəbəqəbul modelinə diqqət çəkib.
“Türkiyədə 3-4 yaşından başlayaraq uşaqlar üçün hazırlıq məktəbləri fəaliyyət göstərir. Düzdür, belə məktəblərin çoxu özəldir, ancaq bələdiyyələrin də belə məktəbləri var. Belə məktəblərdə ilk olaraq ana dili, ingilis dili, musiqi, hesab öyrədilir”.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 16.04.2022
1-ci siniflərə qəbul 8 yaşda bitir – Təhsilə gecikmiş uşaqların aqibəti necə olacaq?
Hazırda oxunan: 1-ci siniflərə qəbul 8 yaşda bitir – Təhsilə gecikmiş uşaqların aqibəti necə olacaq?
Hazırda oxunan: 1-ci siniflərə qəbul 8 yaşda bitir – Təhsilə gecikmiş uşaqların aqibəti necə olacaq?
69961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.