Avtomobil qəzalarının yolunun ortasında araşdırılması son zamanlar ciddi müzakirə mövzusuna çevrilib. Sürücülərin bildirdiyinə görə əslində məsələni mübahisəyə çevirən sığorta şirkətlərindədir. Onların qəza ilə bağlı qoyduqları tələb, qəza iştirakçılarına yaratdıqaları “qorxu sindromu” ciddi tənqid olunur. İnsanlar qanunlardan daha çox sığorta şirkətlərinin bu “qorxularından” çəkinirlər.
Çoxlarınız qəzalarda yolun ortasında qalmış avtomobil və sürücülərin saatlarla polisin, eləcə də sığorta şirkətlərinin nümayəndələrini gözləmələrinin şahidi olmusunuz.
Hər iki qurumun nümayəndələri hadisə yerinə gələnə qədər hərəkət qovşağında gərginlik və tıxac yaranır. Bir tərəfdən qəza törədən avtomobillərin yolun ortasında qalması, digər tərəfdən qəzaya toplaşan tamaşçı kütləsinin çoxluğu, bir tərəfdən də qəzanın rəsmiləşdirilməsini həyata keçirən qurumların ləngiməsi hərəkəti daha da çətinləşdirir. Halbuki ancaq maddi zərərlə nəticələnən qəza baş veribsə, sürücülər digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaratmamaq üçün hadisə yerini işarələməklə avtomobillərini yolun kənarına çəkə və yolun sağında sığorta şirkətini gözləyə bilərlər.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ötən il sığorta ödənişlərinin məbləği açıqlandı
Bəs, bu durumu ağırlaşdıran səbəblər nədir?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında deyib ki, qanunvericilikdə belə bir müddəa var ki, əgər iki toqquşan avtomobilə dəymiş zərər 1000 manatı ötmürsə və heç kim xəsarət almayıbsa, sürücülər öz aralarında anlaşaraq, avtomobili yolun hərəkət hissəsindən kənara çəkə bilərlər:
“Təəssüf ki, bəzi sığorta şirkətləri belə olan halda icbari sığortanı ödəməkdən imtina edirlər. Bildirilər ki, biz hadisəni qeydiyyata almadan avtomobili tərpədə bilməzsiniz. Yaxşı olar ki, bu məsələdə sığorta şirkətləri konkret fikirlərini bildirsinlər. Əgər yüngül toqquşma olubsa, xərc 1000 manatı keçməyibsə, xəsarət yoxdursa, sürücülər arasında razılıq varsa, avtomobili niyə yolun ortasında saxlayıb sığorta şirkətini gözləməlidirlər? Hansı hallarda mütləq sığorta gəlməlidir, hansı halda yox? Bu məsələ həm mübahisəli, həm də aktualdır. Bir çox sürücülərimiz də öz hüquqlarını bilmirlər və oturub gözləyirlər ki, sığorta və yol polisi gəlsin.
Bu məsələdə ciddi boşluq və səhlənkarlıqlar var. Məhz bu boşluqlar şəhərdə uzun-uzadı tıxaclara səbəb olur”.
Ekspertin sözlərinə görə bu məsələdə söhbət sürücülərin hüquqlarının tapdalanmasından gedir:
“Müqavilə imzalananda o müddəalar sürücülərə aşılanmır. Əgər bildirilsəydi, sürücülər saatlarla yolun ortasında oturub sığorta şirkətini gözləməzdi. Ümumiyyətlə bu məsələlər hansısa sığorta şirkətləri tərəfindən cəmiyyətdə gizlədilir. Çox təssüflər olsun ki, bəzi sığorta şirkətləri qanunu pozur. Bəzən sığorta şirkətləri icbari sığorta edəndə sürücüyə sığorta müqaviləsini belə konkret təqdim etmir. Bizim sürücülərin böyük əksəriyyətinin heç o sığorta müqaviləsindən xəbəri belə yoxdur. Bu çox ciddi məsələdir”.
Sığorta üzrə mütəxəssis İlkin İbrahimov isə vətəndaşlara belə bir tövsiyə verib:
“Qəza törədən sürücülər avtomobili kənara çəkib yol polisinə zəng etsinlər. Sadəcə olaraq məlumat versinlər. Vətəndaşlar polisə müraciət edəndə, ən azı 50 manatlıq protokol tələb olunur və uzun müddətə Forma 4 gəlir. Belə bir məsələlər olduğu üçün problem yaranır. Adətən sığorta şirkətləri belə hallarda sürücülərdən polis sənədini tələb edirlər. Qəza törətmiş sürücülər arasında heç bir mübahisə olmadıqda, sığorta şirkətlərində yer alan barışıq sazişini yazıb, kampensasiyanı polsidən Forma 4-ü almadan əldə edə bilərlər”.
Ekspert qeyd edib ki, sığorta şirkətləri sözügedən məsələdə iradə nümayiş etdirməlidirlər:
“Bəzən qurma hadisələr baş verir. Ona görə sığorta şirkətləri qəza yerinə yol polisini dəvət edirlər. Mülkü Məcəllədə də qeyd olunur ki, vətəndaşın statistikanın aparılması üçün müvafiq orqanlara müraciəti arzuolunandır. Vətəndaşlar bu müraciəti etsələr və məsələni Forma 4-süz həll etsələr, onda problem yaranmır”.
Alçina Amilqızı, Bizim.Media