"Azad edilmiş ərazilərdə müasir tipli hərbi obyektlər inşa edilir" - Müdafiə Nazirliyi 

Hazırda oxunan: "Azad edilmiş ərazilərdə müasir tipli hərbi obyektlər inşa edilir" - Müdafiə Nazirliyi 

69750

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektləri inşa edilir, eləcə də digər zəruri tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində azad olunmuş ərazilərdə hərbi avtomobillərin daima işlək və saz vəziyyətdə saxlanılması məqsədilə texniki xidmət və təmir məntəqələri, eləcə də akkumulyator sexləri yaradılır.

Müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə avtomobillərə texniki xidmətin və plana uyğun mövsümi qulluğun göstərilməsi üçün hər cür şərait mövcuddur. 

Texniki xidmət və təmir məntəqələrinə daxil olan avtomobil texnikalarında aşkar edilən nasazlıqlar təmir sexlərində qısa zaman ərzində aradan qaldırılaraq yenidən bölmələrin sərəncamına verilir. 

Avtomobil texnikalarının fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bu məntəqələr yüksək keyfiyyətli yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir.

Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin mövsümü tələblərə uyğun daim istismara hazır vəziyyətdə olması təmin edilir. 
Bundan əlavə, bu məntəqələrdə sex rəisi, çilingər, qaynaq və yuyunma otaqları, həmçinin AKB sexi və ZT anbarı da vardır.

AKB sexi akkumulyator batareyalarına texniki xidmətin göstərilməsi üçün suyun distelə olunması, AKB doldurulması və saxlanılması otaqlarından ibarətdir. 

"Azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının gücləndirilməsi, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir", - məlumatda qeyd olunub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin