MİDA-nın sisteminə müdaxilə edib 4-5 saniyəyə ev "alan" 6 nəfər saxlanıldı 

Hazırda oxunan: MİDA-nın sisteminə müdaxilə edib 4-5 saniyəyə ev "alan" 6 nəfər saxlanıldı 

69736

Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edildiyindən qurum Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb. 

Müəyyən edilib ki, Azərbaycan vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar. 

Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb ediliblər. Cinayət işi üzrə araşdırmalar davam edir. 
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin