Rafael Cəbrayılovun qardaşının məsuliyyətə cəlb olunması tələb olunur

Hazırda oxunan: Rafael Cəbrayılovun qardaşının məsuliyyətə cəlb olunması tələb olunur

69662

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə barələrində məcburi gətirilmə qərarı verilmiş Təranə Fətəliyeva və Vidadi Məmmədovun məhkəməyə gəlmədikləri bildirilib.

Zərərçəkmiş şəxslərin müdafiəçiləri məcburi gətirilmə qərarı verilmiş şəxslərin məhkəmədə iştirak etməkdən yayınmasına etiraz ediblər.

Vəkil Kamandar Nəsibov deyib ki, bu gün məhkəmədən yayınan Təranə Fətəliyeva cinayət işi üzrə əsas şahidlərdən biri olmaqla yanaşı, mərhumun qardaşı Elşən Cəbrayılovun da əməllərindən xəbərdardır:
"Zərərçəkmiş şəxslərin bir neçəsini də Rafael Cəbrayılovla əlaqələndirən Təranə olub". 

İclasa sədrlik edən hakim məcburi gətirilmə qərarının icra olunmaması ilə bağlı Daxili İşlər Nazirliyinə yenidən müraciət ediləcəyini bildirib. 

Prosesdə müdafiəçi Kamandar Nəsibov Rafael Cəbrayılovun iki gün əvvəl dələduzluqda təqsirli bilinərək barəsində cinayət işi başlanan qardaşı Elşən Cəbrayılovun bu işlə də bilavasitə əlaqəsi olduğunu deyib.

Müdafiəçi, Elşən Cəbrayılovun cinayət işi ilə əlaqəli olması barədə məhkəməyə sənədlər təqdim edib:

"Bugünlərdə məlum oldu ki, Elşən barəsində başqa bir rayonda cinayət işi açıblar. Burdan da aydın olur ki, o əvvəldən dələduzluqla məşğul imiş. Bu cinayət işində də onun əli var. Elşən burda ifadə verəndə deyirdi ki, mən Allah adamıyam, namaz qılıram, amma sübut olundu ki, dələduzluqla məşğul imiş. Hesab edirəm, bu iş yenidən istintaqa qaytarılmalı və Elşən Cəbrayılov da işə cəlb olunmalıdır". 

Hakim isə hazırda Elşən Cəbrayılovun deyil, Rafael Cəbrayılovun işinə baxıldığını deyib. 

Proses aprelin 28-də davam etdiriləcək. 

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib. 
R. Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin