Şəhidlik zirvəsi ən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq yalnız müqəddəs amallar uğrunda mübarizə aparan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. Lənkəranın Osaküçə kəndində doğulan şəhid Şəhriyar Həbibi kimi...
Bizim.Media xəbər verir ki, ailənin yeganə oğul övladı olan Şəhriyarın doğulduğu evə ziyarət edilib:
1993-cü il yanvarın 19-da Lənkəranın Osaküçə kəndində anadan olan Şəhriyar 14 yaşında ikən atasını itirir. Həmin gün Şəhriyar anasına söz verir ki, heç vaxt onu tək buraxmayacaq. Doğulduğu kənddə 11 illik orta təhsilini başa vurduqdan sonra 2010-2014-cu illərdə BDU-nun fizika fakültəsində ali təhsil alır. Əsgərlik illəri Aprel döyüşlərinə təsadüf etdiyindən, Şəhriyar 4 günlük müharibədə böyük şücaət göstərən igidlərimizdən biri olur.
2020-ci ilin 28 sentyabrı. Vətənin harayına səs verən Şəhriyar işlədiyi müəssisədə kollektivi ilə sağollaşaraq haqq savaşımıza yollanır. Onun döyüş yolu Cəbrayıldan başlayır. Qədim yurd yerlərimizin düşmən tapdağından azad olunmasında böyük şücaət göstərən cəsur döyüşçü Zəngilan və Qubadlı istiqamətində də ən şiddətli döyüşlərdə igidliklə vuruşur. Noyabrın 6-da Qubadlı uğrunda gedən döyüşlərdə Şəhriyar qəhrəmancasına şəhid olur.
Anası Təranə Həbibova ilə söhbət zamanı şəhid oğlu ilə daim fəxr etdiyini deyir: "Həmişə Allaha şükür edirdim ki, nə yaxşı mənə belə övlad verib. Şəhriyar bir gün mənə dedi ki, ana, sənin mənə sözün yoxdur? Dedim, sənə sözüm var oğlum, toyunda deyəcəyəm. Bax, o sözü ona deyə bilmədim... Ancaq məzarı üstündə dedim ki, oğlum, mən səninlə fəxr edirdim, edirəm və edəcəyəm!"
Həm əmisi oğlu, həm də yaxın dostu olan Fəqan Vətən müharibəsində 40 gün döyüş yolu keçən Şəhriyarla tez-tez telefon əlaqəsi saxlayıb. Sonuncu zəngdə isə o, Qələbə gününə çox az qaldığını deyərək, Fəqana anası və bacısından muğayat olmağı tapşırır: "Fəqan mənimlə tez-tez danışırdı. Deyərdi ki, təkcə anamdan nigaranam. Deyirdim, narahat olma, rəşadətli ordumuz hər gün irəliləyir, müharibə tezliklə bitəcək, sən də sağ-salamat qayıdacaqsan ananın yanına...".
Ali Baş Komandanın Sərəncamı ilə Şəhriyar Həbibinin ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunması onun ailəsinin böyük sevincinə səbəb olub.
Yaxın günlərdə bacısının dünyaya gələcək körpəsi Şəhriyarın adını daşıyacaq. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır. Şəhriyar Həbibi də xalqın qəhrəmanlıq salnaməsinə adını yazdıran mərd oğullardandır. Bu gün onunla təkcə anası yox, bütün xalq qürur duyur. (Azərtac)
Bizim.Media