Həmyerlimiz Gülşən Həsənovanı hər kəs bu yaxınlarda Afrikalı uşaqlar üçün verdiyi iftar süfrəsi ilə bağlı tanıdı.
Qeyd edək ki, Gülşən xanım uzun illərdir Türkiyədə yaşayır və stlist-vizajist olaraq çalışır. Son illərdə isə bloggerlik fəaliyyətinə başlayıb.
Bizim.Media-ya verdiyi özəl açıqlamada gənc bloger bu sözləri dedi:
“Ürəyimdən gəldi və Afrikalı 50 uşağa sahur və iftar yeməyi verdim. İnşallah bayrama yaxın daha 100 Afrikalı uşaq üçün sahur və iftar süfrələri verəcəyəm”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı iş qadını Afrikadakı uşaqlara iftar süfrəsi açdı - VİDEO
Doğulub böyüdüyü Azərbaycanı da unutmayan blogger əlavə edib ki, Azərbaycandan olan ehtiyaclı və xəstə insanlara da imkanım daxilində kömək etməyi düşünürəm.
Xüsusən də xərçəng xəstəsi olan analar, qadınlar üçün zəruri dərman vasitələri və körpələr üçün pampers və digər lazimi vasitələr alıb göndərməyi planlaşdırıram:
“Mən varlı yəni xüsusi bir imkanlara malik qadın deyiləm. Sadəcə əlimin zəhməti ilə işləyib pul qazanmağı və qazandıqlarımı da ehtiyaclı insanlarla paylaşmağı sevirəm. Nəyə imkanım çatırsa, paylaşıram və Allah əvəzini həmişə mənə yetirir.
Bu böyük bir iş deyil normal insanlıq halıdır. Hər kəs qazandığını Allah rizası üçün paylaşmalıdır. Mənim dünyam və ailədən aldığım tərbiyə belə qurulub və belə də davam edəcəyəm”.
Gülşən Həsənova saytımız vasitəsi ilə doğulub böyüdüyü Azərbaycan torpağına, el-obasına salam göndərib:
“Bu müqəddəs ayda Allah xalqımızın tutduğu bütün oruc və namazları qəbul etsin. Xeyir və bərəkət heç zaman millətimin süfrəsindən əskik olmasın. Azərbaycanıma sülh və firavanlıq arzu edirəm”, - deyə fikirlərini tamamlayıb.
Leyla Şah, Bizim.Media