Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərinə baxış keçirib.
AAYDA-dan Bizim.Media-ya verilən məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, həmçinin layihə çərçivəsində inşa edilən tunel və avtomobil körpülərinin tikintisi işləri ilə yerindəcə tanış olub.
Saleh Məmmədov layihədə çalışan işçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə müvafiq göstərişlər verib.
Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən I texniki dərəcəli və 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Yol boyu 7 tunelin tikintisi aparılır. Qazma işləri bir-neçə tuneldə artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir.
4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Bizim.Media