Bir BOMJ-un ETİRAFLARI: “Qocalar evinə getsəm, qorxuram azadlığımı itirərəm”

Hazırda oxunan: Bir BOMJ-un ETİRAFLARI: “Qocalar evinə getsəm, qorxuram azadlığımı itirərəm”

68686

Rövşən Əhədov, onun da adına BOMJ deyirlər. Yay-qış demədən küçələrdə yaşayır. Həyatının uğursuzluqları onu küçələri “yurd” seçməyə vadar edib. Onunla tanışlığımız da təsadüfən oldu. Söhbətimiz tutduğundan müsahibə verməyə razılaşdı:

- Lənkəranda doğulmuşam və orada da, böyümüşəm. Atam yadıma gəlmir. Yeddinci sinifdə oxuyanda anamı itirmişəm. Anam öləndən sonra isə məni qonşu saxladı. Əsgərliyə də o yola saldı.

- Necə oldu ki, küçələrdə qalmağa başladınız?

- Tam olaraq 5 ildir küçələrdə gecələyirəm. 6-7 il bundan qabaq belimə sment düşdü və bel sümüyüm sındığı üçün iş qabiliyyətimi itirdim. Yetimliyimin üstünə bir də şikəstliyim əlavə olundu. Son bir neçə aydır Səməd Vurğun küçəsində yerləşən apteklərdən birinin qabağında gecələyirəm.

- Bel sümüyünüzün sındığı vaxt şəxsi iş üçün işləyirdiniz, yoxsa hansısa bir şirkətdə?

- 28 Mayda yerləşən beton zavodunda işləyirdim. Üç ay şirkətin hesabına müalicə etdilər, lakin şirkət müalicəmi davam etdirmədi. Xəstəxanadan çıxandan sonra da Allahın ümidinə birtəhər yaşadım. Yavaş-yavaş bütün əmək qabiliyyətim itdi və yeganə çıxış yolum dilənmək oldu.

- Bəs dilənərək qazandığınız məbləğ sizi qane edir?

- Bəzi günlər qarnımı doydursam da, çox vaxt bir çörəyə belə möhtac qalıram. Zibillikləri eşirəm ki, bəlkə salamat nə isə tapıb yeyə bildim. Bəzən mərkəzi meydanlarda dilənəndə polislər məni qovurlar.

- Polislərlə münasibətiniz  yaxşı deyil deyəsən...

- Dubinkalı polis görəndə çox qorxuram, amma onların arasında da mərhəmətli insanlar var. Adətən üstümə gələn polislərə açıb belimi göstərirəm. Bəziləri deyir ki, hadisədir də olub. Biz səni necə sağaldaq? Bir qismi isə gözümün yaşına da baxmadan məni qovur. Axırıncı dəfə bir polislə qarşılaşdım, açıb belimi göstərəndə cibindən 5 manat çıxardıb mənə verdi.

- Ailə, övlad, sizə bu həyatda sahib çıxacaq qohumunuz varsa, buyurub müraciət edə bilərsiniz.

- Şikəst, ahıl və kimsəsiz kişi məncə indi heç kimə lazım deyil. Gənc vaxtı ailə qurmaq istəyirdim. Yetim olduğum üçün kənddə heç kim mənə qız vermədi . İstiqaməti Bakıya çevirdim, burada da mənimki gətirmədi ki, gətirmədi. Hansı qızın arxasınca düşdümsə, yetim, evsiz və təhsilsiz olduğumu biləndə ya nişanlı çıxdılar, ya da dediklərinə görə ataları mənimlə evlənməklərinə razı olmadı. Beləcə, evsiz-eşiksiz, ailəsiz-uşaqsız qocaldım.



- Dövlətin sığınacaqları var, niyə getmək istəmirsiz? Yoxsa artıq küçələrə öyrəşmisiniz?

- Yaxşı dediniz, küçələrə öyrənmişəm (Gülür). Artıq küçə mənim həm oğlum, həm də atamdır. Bu həyatda nə oğul gördüm, nə də ata. Küçələrdə isə həm nəvaziş gördüm, həm də zərbə ilə dəyən təpiklər. Həyat isə məni anamı itirəndən məhz, bu günə kimi sillələyir.

Mən bilən qocalar evinə qeydiyyata düşmək heç də asan deyil. Qorxuram ki, ora getsəm küçədə tapdığım azadlığımı itirərəm. Şəxsiyyət vəsiqəmi  üç ay olar itirmişəm. Ola bilər ki, zibilqabılardan yemək axtararkən özümün də xəbərim olmadan düşüb. Hərbi biletim və ümumvətəndaş pasportum isə hələ də üstümdədir.

Leyla Şah, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin