Cəbrayılda silahlı qrup Azərbaycan sərhədçilərinə atəş açdı, onlardan biri...

Hazırda oxunan: Cəbrayılda silahlı qrup Azərbaycan sərhədçilərinə atəş açdı, onlardan biri...

68083

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər sərhədçilərə atəş açıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq birgə məlumat yayıb. 

Bildirilib ki, aprelin 4-ü saat 20:45 radələrində DSX-nin Sərhəd Qo-şunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən 6 nəfər silahlı naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər. 

Sərhəd naryadı yaranmış vəziyyətdə yüksək sayıqlıq və şücaət nümayiş etdirmiş, “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsizləşdirib.

Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olublar.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü Behnam Balai olması müəyyənləşdirilmiş, onun yanında AKM tipli Kalaşnikov avtomatı, 3 ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkar olunub. 
Hadisə yerindən uzaqlaşmış digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində sərhəd pozucularından biri - İİR vətəndaşı Məhəmməd Zarehi Tağı sərhədboyu zolaqda qamışlıq sahədə gizləndiyi yerdə aşkarlanaraq saxlanılıb, digər sərhəd pozucularının yerlərinin müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.

Fakt üzrə cinayət işi başlanılıb, hazırda DSX və Baş Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin