Sabiq gömrük əməkdaşının bəraət almasına prokurorluqdan ETİRAZ

Hazırda oxunan: Sabiq gömrük əməkdaşının bəraət almasına prokurorluqdan ETİRAZ

68041

Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşları barədə verilən qərara protest verilib.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, bəzi media səhifələrində Dövlət Gömrük Komitəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarına Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza və ya bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.

Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektorları vəzifəsində işləmiş Elmar Mirzəyev, Orxan Zöhrabov, Emin Xəlilov və Azər Baxşıyev, həmin şöbənin inspektorları vəzifəsində işləmiş Sadiq İsgəndərov və Rəfael Əzizov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev və «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun ölkə ərazisinə idxal olunmuş malların gömrük rəsmiləşdirilməsinin keçirilməsi ilə bağlı prosedurların sürətli icra edilməklə idxal olunan malların gömrük nəzarətindən sərbəst dövriyyəyə buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli hökmü ilə Elmar Mirzəyevə 5 il, Sadiq İsgəndərov, Rəfael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev və Ceyhun Şabanova 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Orxan Zöhrabova təyin edilmiş 4 il azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və 1 il sınaq müddəti təyin edilib, Mirağa Ağayevə isə bəraət verilib.

Aprelin 5-də, dövlət ittihamçısı tərəfindən həmin hökmdən iş üçün əhəmiyyət kəsb edən faktiki halların nəzərə alınmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması əsasları ilə apellyasiya protesti verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin