“Metropolitendə ixtisarlar aparılmayıb, maaşlar da verilir” – AÇIQLAMA

Hazırda oxunan: “Metropolitendə ixtisarlar aparılmayıb, maaşlar da verilir” – AÇIQLAMA

6804

Pandemiya bir çox sahələrə təsir etdiyi kimi, nəqliyyat sektorunda da kəskin izlərini buraxıb. Tam fəaliyyətini dondurmuş “Bakı Metropoliteni”ndə isə vəziyyət bir qədər də qəlizdir.

Redaksiyamıza daxil olan məlumatlara görə, pandemiya metro işçiləri arasında bəzi ixtisarların aparılması və maaşların gecikməsinə səbəb olub. 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nə ünvanladığımız suala cavab olaraq bildirildi ki, metropolitendə sərnişindaşıma fəaliyyəti dayandırıldığı müddət ərzində işçilərin əmək haqlarının ödənilməsi ilə bağlı bu vaxta qədər hər hansı bir problem yaşanmayıb.

İşçilərinin əmək haqları vahid tarif cədvəlinə və Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilə imzalanmış Kollektiv müqavilənin şərtlərinə uyğun hesablanaraq verilir: 

“Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əmək haqları dövlət büdcəsindən ayrılan subsidiya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “COVID-19” pandemiyası ilə əlaqədar qəbul etdiyi müvafiq Qərarına əsasən ayrılan maliyyə dəstəyi hesabına ödənilir”.

Metropoliten işçilərinin işə çıxmasında isə bəzi növbəli prinsiplər və məsafədən işləməyin mümkün olduğu sahələrdə isə evdən çalışma tətbiq olunub:

''Metropoliten çoxşaxəli mürəkkəb infrastruktura malik olduğundan, vahid prinsipin tətbiqi qeyri-mümkündür. Lakin evdən iş rejiminin tətbiq edilməsi mümkün olan sahələrdə məsafədən işləmək imkanı yaradılıb''.

''Birbaşa istismar və tikinti ilə bağlı sahələrdə qaçılmaz zərurət olan işçilər qəbul edilmiş qərarların tələblərinə uyğun olaraq işə cəlb edilirlər. Metropolitenin sərnişindaşıma fəaliyyətinin bərpa edilməsinə hazır vəziyyətdə saxlanması üçün bu tələblərə əməl olunması qaçılmaz zərurətdir. Bu səbəbdən metropolitendə işçilər arasında ixtisarların aparılmasına hər hansısa əsas yoxdur''.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin