Distant təhsilin ən böyük problemi - İNTERNET!!! 

Hazırda oxunan: Distant təhsilin ən böyük problemi - İNTERNET!!! 

6794

Azərbaycanda təhsil pandemiya dövrünə qədər ənənəvi qaydada keçirilirdi. Bütün dünyada olduğu kimi koronavirus pandemiyası bizə həyatımızda bir çox məsələlərə fərqli prizmalardan baxmağa məcbur etdi.

Bu ən çox təhsil sistemində özünü açıq şəkildə göstərdi. İndiyə qədər bu sahədə güclü təcrübəyə malik olmayan məktəblərdə bir çox çətinliklər ortaya çıxdı. Lakin tədricən onlayn sistem ənənəvi təhsil vasitəsinə çevrildi. Bəs, əslində, vəziyyət necədir? 

Tədricən bu sistem sərfəli tərəfləri ilə bərabər sistemdəki boşluqları yavaş-yavaş ortaya qoymağa başladı. Bizim.Media mövzunun əhəmiyyətini nəzərə alaraq onlayn təhsildə olan bəzi problemlər barədə kiçik araşdırma aparıb.

Xırdalan şəhəri 7 nömrəli tam orta məktəbin direktor müavini Ayna Məmmədovanın fikrincə, pandemik vəziyyət distant təhsilin vacibliyini ortaya qoydu:

“Dünyada bu təhsil forması öz aktuallığını saxlasa da, Azərbaycan təhsili üçün orta məktəblərdə bu, bir ilk idi. Bu mərhələdən keçmək Azərbaycan müəllimi və şagirdi üçün asan deyil. Ancaq mən zamanla bəzi problemlərin tədricən aradan qalxacağına inanıram”.

A. Məmmədova onlayn dərs zamanı verilən tapşırıqların şagirdlər tərəfindən normal qavranılmadığının da böyük bir problem olduğunu vurğulayıb:

“Onlayn dərs zamanı şagirdlərin dərsi qavraması da asan olmur. Belə ki, 30 dəqiqə ərzində müəllimin dərsə qoşulan şagirdlərin hamısından dərsi soruşmaq imkanı olmur. İllərdir təhsilimiz kurikulum proqramı ilə işləsə də, bəzi məktəblərimizdə hələ də müəllimlər "ənənəvi təlimdən" ayrıla bilmirlər. Onlayn təlim həm də kurikulumun imkanlarından istidadə etmək üçün daha əlverişlidir. Onlayn təhsil bir problemi də ortaya qoyub. Bu gün şagirdlərdə telefon və  noutbuk çatışmazlığı var. Əgər bir ailədə 2-3 şagird dərsə qoşulursa, bu böyük problemlərə yol açır”, - deyə o qeyd edib. 

İngilis dili müəllimi Günay Məmmədova qeyd edir ki, onlayn tədrisdə problem yaşanmasa da, uzun müddət telefondan asılı qalmaq, daha çox şüa qəbul etmək deməkdir:

''Bu da həm şagirdlərdə, həm də müəllimlərdə sağlamlıq problemlərinin yaranmasına gətirib çıxara bilər''.

''Mart ayından bəri dünyada və ölkədə yaşanan pandemiya səbəbilə, ən çox zərər görən sahələrin məhz öndə gedənlərindən biri də təhsil sektorudur. Dərslərin evdən keçirilməsi məsafə və vaxt cəhətdən xeyli sərfəlidir, bu kimi dərslər eyni zamanda bir neçə resursdan istifadə etməyə, texnoloji bacarıqları inkişaf etdirməyə də imkan verir''.

''Dil müəllimi olduğuma görə, dərslərin tədrisində heç bir sıxıntı yaşamadığım üçün şanslı olduğumu düşünürəm. Lakin, davamlı kompüter və telefondan asılı qalmaq, həddindən artıq şüa qəbul etmək səhhətimiz üçün ciddi təhlükə yarada bilər. Bunun üçün də pandemiya və s. kimi dövlət və millətdən asılı olmayan səbəblər istisna olmaqla canlı dərslərə ən qısa zamanda qovuşmağımızı arzu edirəm. Ümid edirəm ki, 2021-ci il daha fərqli, daha uğurlu və düşərli olar, sağlıqlı olduğumuz müddətcə alternativlər hər zaman əlçatandır, - deyə o vurğulayıb. 

EduOnline.az təhsil portalının təsisçisi Toğrul Bayramlı isə ən böyük problemin internet bağlantısı olduğunu deyib. Onun sözlərinə görə, ucqar rayonlarda bu imkanlardan istifadə etmək olduqca çətindir:

“Ölkəmizdə distant təhsillə bağlı ən əsas problem internet problemidir. Ucqar rayonlarda Bakının bəzi kəndlərində də bu problem aktualdır. Bəzən müəllimlər votsapla dərs keçməyə məcbur olurlar, bu da təhsilin keyfiyyətini itirir. “Zoom”, “Skype” və s. kimi keyfiyyətli proqramlar daha güclü smartfonlar tələb edir. Bəzi tələbələrin isə buna maddi imkanı çatmır”.

Daha bir problemin insanların onlayn dərslərə məsuliyyətsiz yanaşmaları olduğunu deyən T. Bayramlı, həm də distant dərslərin ciddi qəbul edilmədiyini də bildirib:

“Problemlərdən biri də bəzi insanların onlayn dərslərə məsuliyyətsiz yanaşmalarıdır. Müəllim həm onlayn, həm də ənənəvi təhsil zamanı eyni qaydada əziyyəti çəkir. Bizdə insanlar nədənsə onlayn təhsilin ənənəvi təhsildən daha ucuz olmasını düşünürlər. Ancaq əksinə xarici ölkələrdə onlayn təhsil daha bahalıdır”. 

Orxan Salmanov isə ölkədə onlayn dərslərlə bağlı problemlərin bir müddət də davam edəcəyini bildirib. O, bu mürəkkəb məsələnin bir gündə həll olunmasının imkansız olduğunu qeyd edib:

“Onlayn təhsil pandemiya dövründə insanlar tərəfindən formalaşdırıldı. Tələbələr və şagirdlər üçün distant təhsil yad olduğu üçün o, özü ilə bir sıra  problemlər gətirdi. Bu problemlər həm müəllimlər, həm də şagirdlər arasında yaşanır. Düşünürəm ki, ölkəmizdəki onlayn təhsil problemləri hələ bir müddət davam edəcək. Onlayn təhsilin mənfi tərəflərindən biri də dərslərin canlı deyil, məsafəli internet vasitəsi ilə keçilirdiyi üçün insanlarda qeyri-müəyyən fikir formalaşdırır. Lakin onlar distant təhsilin insanlara əlavə vaxt qazandırdığını da nəzərə almalıdırlar”, - deyə, O. Salmanov bildirib.

Yuxarıda da qeyd edildiyi kimi distant təhsildə ən böyük problem internet bağlantısının zəif olmasıdır. Bəzi valideynlər dərs zamanı internetin kəsilməsinin, tətbiq olunan proqramlarda yaşanan texniki nasazlığın uşaqlara böyük problem yaşatdığını bildirirlər. Bundan başqa, onlar şagird və müəllimlərin qeyri-etik davranışlarından da şikayətçidirlər.

Nərgiz Səmədova adlı valideynin sözlərinə görə, onlayn dərs zamanı uşaqların bilərəkdən dərsi pozduqları halları da yaşanır. Bu isə digər şagirdləri dərsi yarımçıq tərk etməyə məcbur edir:

“Biz hər dəfə, onlayn dərs zamanı problemlər yaşayırıq. Bu problemlərdən biri də, sinifdə olan nadinc uşaqların qrupda mikrofonları və ya kameraları söndürməsi olur. Bu zaman müəllim bunun hansı uşaq tərəfindən edildiyini görmür, çünki proqram buna imkan vermir. Nəticədə uşaqların dərsləri pozulur və yarımçıq qalır. Düşünürəm ki, bu kimi halların qarşısının alınması üçün, xüsusi proqramlar tətbiq olunmalı və nəzarət gücləndirilməlidir. Nadinclik edən şagird vaxtında cəzasını alsa, bir daha bu cür hallara yol verməyəcək”.

Valideynin sözlərinə görə, digər problem isə onlayn proqramlarda baş verən nasazlıqlardır.

“Problemlərdən biri də bəzən şagirdlərin “TEAMS” proqramına daxil ola bilməməsidir. Bunun üçün cəhd etdikdə isə ekranda “giriş səhvdir” sözləri yazılır. Bu da dərslərin keçirilməsinə mane olan problemlərdən biridir”, - deyə N. Səmədova bildirib.

Sonda bu nəticəyə gəlmək olar ki, distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi üçün sadalanan problemlərin aradan qalxması şərtdir. Anidən baş verən bu proses bizə distant təhsil formasının ölkəmizdə rəsmiləşdirilməsinin, distant təhsilə cavab verən müəllimlərin kurslara cəlb edilməsinin və ölkənin hər bir hissəsinin güclü internet sistemi ilə təmin olunmasının vacibliyini göstərdi.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin