“Rusiya və Ukraynadan gətirilən “Analqin”, B6, C vitaminləri, “Dimidrol”, “Dibazol”, “Maqnezum sulfat” dərmanları ilə bağlı Azərbaycan bazarında kəskin qıtlıq yarana bilər”.
Bunu Bizim.Media-ya açıqlamasında sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli 30-40 faiz Rusiya və Ukrayna idxalı hesabına ödənilən Azərbaycanın dərman bazarında mövcud vəziyyətdə yarana biləcək problemin həlli yollarından danışarkən deyib:
“Dərman vasitələri barədə ölkə qanunvericiliyində nəzərdə tutulur ki, fors-major situasiyalarda həyati əhəmiyyətli dərman preparatlarının ölkəyə idxalında xüsusi şərtlər altında hər hansı bir qeydiyyat tələb olunmur.
MÖVZU İLƏ BAĞLI:
TƏBİB-dən antibiotiklərlə bağlı əhaliyə XƏBƏRDARLIQ – Ancaq bu halda istifadə oluna bilər
Ona görə də indiki situasiyada qanunvericilikdə nəzərdə tutulan həmin maddəni birbaşa tətbiq etməklə hökumət şirkətlərə,sahibkarlara Rusiya, Ukrayna və Belarusdan təcili olaraq daha çox dərmanların gətirilməsini təmin etməklə bağlı göstəriş verməlidir.
Əks halda Rusiya və Ukraynadan gətirilən “Analqin”, B6, C vitaminləri, “Dimidrol”, “Dibazol”, “Maqnezum sulfat” dərmanları ilə bazarda yaxın perspektivdə ciddi qıtlıq yarana bilər. Artıq bu problem özünü göstərməkdədir. Limit qoyularaq, hər aptekə bu dərmanlardan yalnız 2 və ya 3 ədəd verilir. Pandemiya dövründə elementar “Parasitamol” dərmanının çatışmamazlığını hiss etdik. İndi də anoloji vəziyyətdəyik”.
Həmsöhbətimizə görə eyni zamanda, dərman qıtlığı ilə bağlı yarana biləcək problemin həlli üçün bir sıra qərarlara ehtitac var:
“Bildiyiniz kimi, bölgəmizdə cərəyan edən son proseslər fonunda ərzaq qıtlığı ilə bağlı yarana biləcək problemlərin həlli üçün ölkə Prezidentinin sərəncamı ilə məsələyə müdaxilə olundu, bu istiqamətdə müvafiq tədbirlərin görülməsi qərara alındı. Anoloji sərəncamı mövcud vəziyyətdə dərman preparatlarına da şamil etməliyik. Ona görə də Rusiya və Ukrayna bazarları ilə işləyən sahibkarlara imkan yaradılmalıdır ki, onlar rahat şəkildə həmin məkanlardan dərman gətirə bilsinlər”.
Rüfət Sultan, Bizim.Media