Su mənbələrindən istifadə edən subyektlərin xərcləri artacaq – PROQNOZ

Hazırda oxunan: Su mənbələrindən istifadə edən subyektlərin xərcləri artacaq – PROQNOZ

67375

Ölkədə şirin su ehtiyatlarının qənaəti və mühafizəsi, qlobal iqlim dəyişikliyi, yağıntı və Cənubi Qafqazdan daxil olan suların əhəmiyyətli dərəcədə azalmasının gətirdiyi potensial fəsadlara hazırlıqlı olmaq üçün yeni sudan ödənişli istifadə qaydaları müəyyən olunub.

Ekologiya və Təbii Sərvətlər naziri müşaviri Rasim Səttarzadənin sözlərinə görə, sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq.

Hələ sudan istifadə haqqı və ödəniş tarifləri açıqlanmasa da, yeni qərarın kənd təsərrüfatından təsirsiz ötüşməyəcəyi şayiələr arasındadır.

Bizim.Media-a bu barədə danışan iqtisadçı-ekspert Akif Nəsirli məsələ ilə bağlı mövqeyini paylaşıb:

“Bütün su mənbələrindən istifadə edən subyektlərin xərcləri artacaqdır. İstənilən su istehlak edən təşkilat mənbədən əldə etdiyi suya görə vəsait ödəyəcək. Bunun həcminin nə qədər olacağı hələ də müəyyənləşdirilməyib. Fakt budur ki, bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Məhdud Məsuliyyətli Cəmiyyət su mənbələrindən götürdüyü su həcminə görə dövlət büdcəsinə əlavə vəsait ödəyəcək, üstəlik bunu da fermerə satacaq”.

İqtisadçı bildirir ki, indiyə qədər çəkilən xərc nədirsə, o mənbəyə sərf edilən xərc də ona əlavə ediləcək:

“Yəni xərclər istər-istəməz artacaq. Xərclər artığı zamanda, sözsüz ki, suyun qiyməti qalxacaq. Əgər bu günə kimi bir hektarın suvarılmasına görə, 5 manat verilirdisə, indi isə bu xərc də üstünə gələcək və nə qədər fərq olacaq artıq tariflər müəyyənləşdirildikdən sonra bilinəcək”.

Ekspert qərarın az da olsa, kənd təsərrüfatı xərclərini artıracağı ilə bağlı açıqlama edib:

“Görünür, dövlət bu istiqamətdə tədbirlər görəcək. Bilirsiniz ki, suvarma suyunun təminatı ilə bağlı fermerlər yalnız çəkilən xərcin hazırda 10%-inə qədərini ödəyir və qalan hissəsi dövlət təminatı altındadır. Yəqin, yaranacaq xərclər də dövlət təminatı ilə kompensasiya ediləcək”.

Akif Nəsirli, suyun ödənişli olmasını rəmzi xarakterli məsələ hesab edir:

“Sudan qənaətlə istifadə və israfçılığın olmaması üçün qərarın tətbiq olunduğu və tariflərin rəmzi olacağını söyləyə bilərəm. Düşünürəm ki, fermerlərin artan xərcləri hər hansısa formada kompensasiya ediləcək”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin