“İki əsrdir ermənilər xalqımızın başına olmazın oyunlar gətiriblər” - FOTO

Hazırda oxunan: “İki əsrdir ermənilər xalqımızın başına olmazın oyunlar gətiriblər” - FOTO

67311

31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bizim.Media xəbər verir ki, Quba RİH başçısı Ziyəddin Əliyev giriş nitqində bu gün azərbaycanlılar üçün hüznlü gün olsa da hamının artıq qürurlu olduğunu deyib.

"Erməni xisləti heç vaxt dəyişmir. Biz bunu çox görmüşük. İki əsrdir ermənilər xalqımızın başına olmazın oyunlar gətiriblər. Amma biz tarixi zəfər çalmaqla erməni terrorçularına öz yerlərini göstərdik.
Ali Baş Komandanımız İlham Əliyevin dəmir yumruğu, şanlı ordumuzun gücü və şəhidlərimizin qanı hesabına biz erməniyə qalib gəldik.

Dörd ildir ki, mən bu rayonda başçıyam, əvvəlki  3 ildə  bu muzeyə daxil  olanda ürəyimizdə bir nisgil var idi, torpaqlarımızı azad etməyimizlə bu nisgilimiz yox oldu. İndi qalib xalqın qürurlu vətəndaşlarıyıq", deyə o, qeyd edib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli  çıxışında ermənilərin xalqımıza qarşı törətdiyi ümumbəşəri cinayətlərdən söz açıb.

Bildirib ki, mənfur qonşularımız əsrlər boyu xalqımızın yaratdığı mədəni irs nümunələrini məhv ediblər:

"Soyqırım hadisəsi zamanı  bir çox qədim binalar, o cümlədən Azərbaycan memarlığının incilərindən olan İsmailiyyə binasını, "Kaspi"qəzetinin redaksiyasını və mətbəəsini, ziyarətgahları dağıdaraq top atəşinə tutublar. Bu zaman Təzəpir və Cümə məscidlərinin minarələri ağır zədə alıb".

Xidmət rəisi çıxışında  Ermənistan Respublikasının işğaldan azad olunmuş ərazilərimizdə yerləşən mədəni irs nümunələrimizə qarşı törətdiyi vandallıqlardan da danışıb:

“Azad olunmuş ərazilərdə indiyədək aparılmış ilkin monitorinq zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət  qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin (yeni aşkar  olunmuş abidə) monitorinqi aparılıb. Monitorinqlər  nəticəsində baxış keçirilən tarixi, mədəni  abidələrin və obyektlərin əksəriyyətinin işğalçılar  tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı aşkar edilib.

Monitorinqlərlə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Fizuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Kəlbəcər və Laçın  rayonlarını əhatə edir".
Sonra azərbaycanlıların soyqırımına həsr edilmiş sənədli film nümayiş edilib.

Qubada soyqırım qurbanlarının anımı davam edir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin