Maydan quru sərhədlər AÇILIR? – “Artıq bunun qarşısını alan sədd yoxdur”

Hazırda oxunan: Maydan quru sərhədlər AÇILIR? – “Artıq bunun qarşısını alan sədd yoxdur”

67274

Azərbaycanda koronavirusla əlaqədar quru sərhədlər 2020-ci ilin mart ayından bağlıdır. Azərbaycan vətəndaşları digər ölkələrə səfərlərini 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirir. 

Son bir neçə aydır ki, ölkənin epidemioloji durumunda sabitlik müşahidə olunur və infeksionistlər pandemiyanın bitdiyini bəyan edirlər. Üstəlik martın 6-dan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə karantin rejimi yumşaldı. Sadəcə qadağalardan maska, COVID-19 pasportu və quru sərhədlərin açılması məsələləri qalıb.

Bəzi ölkələr Azərbaycanla quru sərhədlərini açsa da, ölkəmiz geri addım atmır. Artıq deputatlar da hökumətə bu barədə çağırışlara başlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Karantin məhdudiyyətləri ləğv ilə bağlı RƏSMİ AÇIQLAMA


Rəsmi qurumlar açıqlamasa da, quru sərhədlərin may ayından etibarən açılacağı ilə bağlı söyləntilər var. Bəzi mənbələrin bildirdiyinə görə hökumət sözügedən məsələ ilə bağlı müzakirələr aparır, qarşı ölkələrdəki  epidemik vəziyyətlər öyrənilir.  

Maraqlıdır, quru sərhədlərin açılması ilə bağlı məsələ nə yerdədir? Hökumət bununla bağlı iş aparırmı? 

Təssüf ki, hər dəfə olduğu kimi bu dəfə də Nazirlər Kabinetindən hər hansı cavab ala bilmədik. Qurumun mətbuat katibi İbrahim Məmmədov sorğumuzu qəbul etsə də, ən azı “məlumatım yoxdur” açıqlamasını belə verməyə təşəbbüs göstərməyib. 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev isə Bizim.Media-ya açıqlamasında quru sərhədlərin açılması ilə bağlı ən çox hökumətə müraciət edən deputatlardan olduğunu bildirib:

“Bu ölkədə quru sərhədlərin açılması ilə bağlı davamlı olaraq mübarizə aparan insanlardan biriyəm. Parlamentdə də bu məsələni qaldırmışam və açılma zəruriliyini demişəm. Ayrıca, videomüraciətlər paylaşmışam. Yenə deyirəm, quru sərhədlər mütləq açılmalıdır. Birincisi, Dağıstan- Azərbaycan sərhədində on minlərlə vətəndaşımız qalıb və konstitusiyadan irəli gələn hüquqlarını yerinə yetirə bilmir, doğulub boya-başa çatdığı atası evinə, doğmalarının olduğu vətənə qayıda bilmirlər. O insanların Rusiya ərazisində şəxsiyyəti sındırılır, ləyaqəti alçaldılır və bu münasibət Azərbaycan vətəndaşına olduğu üçün məni çox üzür. Bundan əlavə bir neçə dövlət artıq aylardır ki, Azərbaycana quru sərhədlərini açıb. Bizdən isə addım atılmır”.

Deputatın sözlərinə görə quru sərhədlərin açılması Azərbaycana turizm baxmından da əhəmiyyətlidir:

“İş yerlərinin, ticarət əlaqələrinin güclənməsinə ehtiyac var. Ticarət əlaqələrinin hamısını isə təyyarlərlə etmək olmur. O baxımdan quru sərhədlərin açılması həm turizmin, həm də digər ticarət növlərinin də canlanmasına xidmət edəcək. Ona görə də indiyədək quru sərhədlərin açılmamasını həm Azərbaycan iqtisadiyyatı, həm də insanlarımız üçün ziyanlı hesab edirəm.

Hətta bunun qarşısını alan bir sədd də artıq yoxdur. Çünki dünyanın bir çox ölkələri də hesab edir ki, artıq bu virus pandemiya deyil, endemik xəstəliyə çevrilir və bütün dünya ölkələri sərhədlərini açır, eləcə də COVID məhdudiyyətlərini də aradan qaldırır”.
Razi Nurullayev parlamentin növbəti iclaslarında yenidən sözügedən məsələni müzakirəyə çıxaracağını qeyd edib:

“Bilmirəm, daha necə çıxış edim. Ötən iclasda birbaşa baş nazirə elə bu tərzdə müraciət etdim. Təkrar müraciət və çağırışlarım əlbəttə ki, olacaq”, deyə millət vəkili əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin