Ekspertdən paytaxtı köçürmək istəyənlərə SƏRT SÖZLƏR: “Bakını daha pis vəziyyətə sala bilərlər” 

Hazırda oxunan: Ekspertdən paytaxtı köçürmək istəyənlərə SƏRT SÖZLƏR: “Bakını daha pis vəziyyətə sala bilərlər” 

67246

Bakıda tıxacdır! İndi bunun nə saatı, nə də günü var... Şəhərə çıxdın, tıxacdasan və artıq uzun illərdir ki, bu dəyişməz olaraq qalır. 

Sıxlığa səbəb kimi nəqliyyat sistemindəki boşluqlar və urban problemlərin düzgün təşkil edilməməsi göstərilir. Bundan çıxış yolu kimi, şəhərin boşaldılması üçün iri müəssisələrin, təhsil ocaqlarının paytaxtdan kənarlarına daşınması mövzusu da dəfələrlə müzkirə edilib. Hətta paytaxtın başqa yerə köçürülməsi də vaxtaşırı gündəmə gətirilir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2021-ci ilin  əvvəli Bakı üzrə əhalinin sıxlığı - 1 km2 1075 nəfər nəfər təşkil edir. Yəni, bu elə də böyük rəqəm deyil...
 

MÖVZU İLƏ BAĞLI:

Partiya sədrləri paytaxtın Ağdama köçürülməsi təklifinə ETİRAZ etdilər - ÖZƏL


Onda bəs nə baş verir? 

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov səsləndirilən fikirlərə aydınlıq gətirib.

O, Bizim.Media-ya açıqlamasında problemin həlli kimi paytaxtın köçürülməsində görənlərlə razılaşmadığını deyib:

“Hərdən belə fikirlər eşidirik ki, Bakının  yol-nəqliyyat (mobillik) problemlərinin həlli üçün paytaxtı başqa şəhərə köçürmək lazımdır. Guya bundan sonra Bakı rahatlanar. Əvvala, paytaxtı köçürməyin dövlət büdcəsi üçün milyardlara başa gələcək bir ideya olduğunu nəzərə almaq lazımdır. Elə həmin pulu dəqiq hesablanmış plan üzrə Bakının mobillik problemlərinin həllinə xərcləsək, ciddi dəyişikliklər görərik. İkincisi və ən başlıcası, Bakı Azərbaycanın sadəcə paytaxtı (siyasi mərkəzi) yox, həm də əsas işgüzar (sənaye, xidmətlər, təhsil, elm, mədəniyyət və s.) mərkəzidir. Ona görə də hansısa mərkəzi hakimiyyət orqanını Bakıdan harasa köçürmək Bakının ikinci statusunu (işguzar mərkəz) dəyişməyəcək. Dünyada paytaxtı daha kiçik şəhərlərə köçürənlərin əksəriyyəti əslində ali hakimiyyət orqanlarında çalışanları iri şəhərlərin səs-küyündən, tıxaclarından və başqa bu kimi diskomfort yaradan amillərindən qurtarmaq məqsədi güdüblər. Yəni belə köçürmə həmin keçmiş iri paytaxtın əhalisinə heç nə verməyib. Əksinə, bəzən paytaxtın köçməsi bu statusunu itirən iri şəhərin, az da olsa, diqqətdən kənarda qalması, infrastruktur inkişafında geriləməsi ilə nəticələnib. Qısası, paytaxtı köçürmək hətta Bakını daha pis vəziyyətə sala da bilər”.

Ekspertin sözlərinə görə köçürülmə əvəzinə bir neçə şəhərimizin regional mərkəzlərə çevrilməsi üçün işlər aparılmalıdır:

“Ona görə də ən yaxşısı ölkəmizdə tədricən Bakıya alternativ ola biləcək digər mərkəzlər yaratmağa çalışmaqdır. Yerləşmə, kommunal təminat, ərazi inkişafı, logistika və s. baxımdan perspektivi olan bir neçə digər şəhərimizin regional mərkəzlərə çevrilməsi üçün ciddi işlər görmək lazımdır.

Məsələn, mümkün investisiyalar qoymaqla yeni istehsal müəssisələri mükəmməl turizm mədəniyyət obyektləri ifrastrukturu yaratmaq olar. Həmçinin paytaxtdakılara rəqib ola bilən universitetlər və obyektlər açmaq lazımdır.
Belə olarsa, urbanizasiyanın bundan sonrakı mərhələsi həmin mərkəzlər hesabına olar və Bakıya axın azalar. Bakıya axın azalanda isə cəngəlliksayağı məskunlaşma dayanar və daha sonra Bakının yol-nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq, müasir mobillik yartmaq olar”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin