“Azərbaycanda müxtəlif istiqamətlər üzrə verilən fəxri adların yerini, “Oskar”, “Qızıl Qlobus” və s. bu kimi mükafatlar tutmalıdır”.
Bunu Bizim.Media-ya açıqlamasında deputat Razi Nurullayev fəxri adların verilməsinə ehtiyac olub-olmadığına aydınlıq gətirərkən deyib:
“Fəxri adların verilməsini bir qələmlə silib dayandırmaq olar. Amma hələlik cəmiyyətimiz bu adları qəbul edir və ona görə qiymət verir. Sənət adamlarının əksəriyyəti də bu adları almaqda maraqlıdır. Çünki bu adlar onların dövlət tərəfindən tanınması, qiymətləndirilməsi anlamına gəlir. Həmin ada görə onu alanların əmək haqqına 50-100 manat əlavə olunur. Hansı ki, bu mükafatlara layiq görülənlərin həmin vəsaitlərə ehtiyacı var. Bu ehtiyac olmasaydı, bəlkə də bir çoxları fəxri adlar almağa maraq da göstərməzdi. Ona görə də fəxri adların verilməsini indiki anda ləğv etməklə onların xətrinə dəyə bilərik”.
Deputat düşünür ki, sovetdən qalma bu ənənə bütün hallarda yığışdırılmalıdır. Ancaq bununla yanaşı, onun fikrincə, köhnəni dağıtmazdan əvvəl yerini nə iləsə doldurmalı və onu başqa mükafatlarla əvəzləməliyik:
“Amerikada “Oskar”, “Qızıl Qlobus” və digər bu sayaq mükafatlar təsis edilib. Azərbaycanda da buna uyğun təsisatlar yaradılsa, onu almaq artıq daha perstejli sayılacaq. Hansı ki, onu da özəl şirkətlər həyata keçirməlidir.
Ölkəmizdə də bu sayaq mükafatlar var. Lakin hələlik onlar geniş populyarlıq qazanmayıb. Azərbaycanda bu prosesi ictimailəşdirmək, daha böyük səviyyəyə qaldırmaq, mükafat hissəsini 50 min manat və daha böyük etməklə sənət, mədəniyyət adamlarımızı məhz bu mükafatları almağa həvəsləndirə bilərik. Bu prinsip tətbiq edilərsə, ona layiq görülənləri tək ölkə daxilində deyil, xaricdə də geniş müstəvidə tanıyacaq, hörmət edəcəklər”.
Rüfət Sultan, Bizim.Media