Prezident yeni inşa edilən penitensiar müəssisələrə baş çəkdi – FOTO

Hazırda oxunan: Prezident yeni inşa edilən penitensiar müəssisələrə baş çəkdi – FOTO

66928

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub.

Bizim.Media xəbər verir ki, ötən əsrin 30-cu illərində inşa olunmuş və dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə inşa edilmiş yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib.

Hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı vardır.

Dövlətimizin başçısının istehsalat sahələrinin genişləndirilməsi, bu fəaliyyətə sahibkarların, iş adamlarının cəlb edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq yeni müəssisələrdə yaradılmış istehsal bölməsində məhkumlar toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexlərində çalışacaqlar.
Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir.

Yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçün də bina inşa olunub. Burada məhkumların ailə üzvləri ilə qısamüddətli və 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlar vardır.

Müəssisələrin ərazisində inşa olunmuş ikimərtəbəli məktəb binasında sinif otaqları ilə yanaşı, əmək, kompüter və digər otaqlar, idman zalları yerləşir. Burada yaradılmış şərait məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil almalarına və peşə ixtisaslarına yiyələnmələrinə imkan verir.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində cəmiyyətimizin həssas təbəqəsi olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni penitensiar müəssisələrin tikilməsi ölkəmizdə aparılan köklü islahatların tərkib hissəsidir. 

Xatırladaq ki, Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunub. Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisi aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin