Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:
“Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalmışdır.
Bu siyasətin ən dəhşətli təzahürü 1918-ci ilin mart ayından başlayaraq törədilmiş soyqırımı hadisələridir.
Baş vermiş soyqırımı aktı nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılmışdır.
Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və dinc əhaliyə divan tutulmuşdur.
1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.
Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı qətlə yetirilmişdir.
Bu soyqırımı aktının baş verdiyi tarixdən bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub.
1998-ci il mart ayının 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək, 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.
Bir daha azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə anır, insan hüquqlarının qorunması və gələcəkdə bu kimi halların təkrarlanmaması naminə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu soyqırımı aktına lazımi siyasi-hüquqi qiymət verməyə çağırıram".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:08 / 29.03.2022
Ombudsmandan 31 Mart Soyqırımı Günü ilə bağlı BƏYANAT
Hazırda oxunan: Ombudsmandan 31 Mart Soyqırımı Günü ilə bağlı BƏYANAT
Hazırda oxunan: Ombudsmandan 31 Mart Soyqırımı Günü ilə bağlı BƏYANAT
66871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.