Hər kəs rahat həyat yaşamaq, düzənini qurmaq üçün fərdi evə ehtiyac duyur. Lakin əmlak bazarındakı “ürəkaçan” mövcud vəziyyət bu istəyin reallaşmasında əngəl rolu oynayır.
Belə ki, Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində 1,10 faiz artım qeydə alınıb. Bahalı evlərin bir kv.m-nin qiyməti 1701 manat, orta qiymətə evlərin 978 manat, ucuz evlərin qiyməti isə 545 manat təşkil edib.
Əmlak üzrə ekspert Ramil Qasımzadə Bizim.Media-ya açıqlamasında fərdi və yaşayış evlərinin bahalaşmasında baş verən bir neçə səbəbi dilə gətirib.
MÖVZU İLƏ BAĞLI:
Köhnə binalardan mənzil almaq istəyənlərin sayı artır - Səbəb nədir?
Onun sözlərinə görə, torpaqlardakı qiymət artımı başlıca səbəbdir:
“Fərdi yaşayış, bağ evlərinin qiymətlərinə təsir edən səbəb torpaq qiymətlərinin artımı ilə bağlıdır. Hər il təxminən 15-20% torpaq bazarında qiymət artımı müşahidə olunur. Paytaxtın mərkəzi hissələrinə yaxın olan ərazilərdə qiymət daha baha şəkildə özünü göstərir. Bu gün torpaq bazarında qiymətlər təxminən 1 sota görə, 2 min manatdan başlamış 100 kvadrat metrə 600.000 manata qədər bazarda təklif olunan torpaqlar var. İkinci əsas səbəb keçən ildən başlayaraq tikinti materiallarındakı qiymət artımı ilə bağlıdır. Elə tikinti materialları var ki, qiyməti 30 faizdən 100% -ə qədər qiyməti artıb. Digər səbəb isə evin tikiləcəyi ərazidə infrastruktur layihələrinin aparılmasıdır. Misal olaraq, son vaxtlar Bakının bəzi qəsəbələrində su, elektrik və digər xətlərin çəkilməsi ilə bağlı infrastruktur layihələrinin aparılmasıdır. Nəticədə həmin ərazidəki evlər tam şəraitli olduğu üçün daha baha qiymətə satılır”.
Ekspertin sözlərinə görə, ucuzlaşma gözlənilmir. Həmçinin alıcılar ucuz qiymətə torpaq və ev elanları gördükdə diqqətli olmalarını diqqətə çatdırıb:
“Ucuzlaşma gözlənilmir, çünki torpaq bazarında ildən-ilə artım müşahidə olunur. Əgər əvvəllər fərdi yaşayış evini 50 min manata başa gətirmək mümkün idisə, hazırda bu rəqəmlər 2 qatına qalxıb.
Ola bilər ki, vətəndaşlar qeyd olunan minimal məbləğdən (2 min) daha ucuz, sərfəli olan torpaq, ev satışı elanları ilə rastalaşa bilərlər.
Lakin diqqətə çatdırım ki, həmin torpaq sahələrinin bir çoxunun rəsmi sənədi, çıxarışı olmur. Birmənalı şəkildə əmlak alarkən onun çıxarışının olması mütləqdir. Alıcılara bu məsələlərdə hökmən diqqətli olmalıdırlar.”
Səkinə Yusibli, Bizim.Media