İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə icra nümayəndələri və sahibkarlıqla məşğul olan şəxslər dindirilib.
Rayon kəndlərinin birində icra nümayəndəsi işləyən Əli Qurbanov ifadəsində təyinat üçün Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyev vasitəsilə 4 min manat pul verdiyini deyib.
MÖVZU İLƏ BAĞLI:
Həbsdə olan Vilyam Hacıyev 3 baş həkimdən 70 min ALIB? – ARAŞDIRMA
İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev isə təyinat üçün heç bir rüşvət vermədiyini, Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən keçib işə başladığını bildirib.
Şahidin hazırkı ifadəsi ilə istintaq zamanı dedikləri arasında ziddiyyətlər olduğu üçün əvvəlki ifadəsi elan olunub. Ələmdar Quliyev müstəntiqə ifadəsində Vilyam Hacıyevin kadrı olmadığı üçün sıxışdırıldığını, yalnız baş mühasib Cəmil Musayevə rüşvət verdikdən sonra vəziyyətin düzəldiyini qeyd edib.
Prosesin davamında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İmişli rayonu üzrə baş məsləhətçisi Aslan Abduləzimov ifadə verib. Şahid istintaqa verdiyi ifadəsində bacısı oğluna məcburi köçkünlər üçün tikilmiş binadan iki otaqlı ev almaq üçün baş mühasib Cəmil Musayevə 10 min manat pul verdiyini deyib.
İmişli şəhəri üzrə sabiq icra nümayəndəsi Cavid Sarıyev isə təyinat alarkən İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev vasitəsilə 15 min manat verdiyini bildirib.
Prosesdə son olaraq beton qarışdırma sexində işləyən Samir Mirzəyev dindirilib. Şahidin sözlərinə görə, rayonda tikilən binanın beton işlərini onlara vermək üçün 3 min manat pul verib:
“Mənə dedilər ki, bu işi götürmək üçün hörmət etməlisən. Həmin pulu şəhərdə abadlıq işləri adı ilə İcra Hakimiyyətinə verdim".
Vilyam Hacıyevin vəkili Elmar Kərimov şahidin ifadəsinə etiraz edərək rüşvət verdiyini boynuna aldığı səbəbilə onun məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.
Vilyam Hacıyev isə məhkəmədə bəzi şahidlərin ifadə vermək üçün əvvəlcədən öyrədildiyini iddia edib: "Şahidlərin bəzilərinin heç işə aidiyyəti yoxdur”.
Proses aprelin 1-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Bizim.Media