31 dekabr 2014-cü il. Yeni ilin gəlişini gözlədiyimiz zaman sənin ömrün bitdi...
saat 16-30-da.
01 yanvar 2015-ci ildə saat 12-00-da torpağa tapşırıldın. Ölmünü həyat yoldaşın Qiyafət xanım zəng edib dedi mənə...
Dəfnindən bir neçə saat sonra görüşünə gəldim, birbaşa məzarstana gəldim. Məzarını ziyarət etdim, atanın, ananın yanında təzə salınmış qəbri göstərdi böyük oğlun Eldəniz...
Sakit-sakit məzarda uyuyursan, Füzuli, gözlərimə inana bilmirəm, üstünə qalaqlanmış soyuq torpağı əlimlə sığallayıram, yaş məni boğur, yanaqlarıma süzülüb qəbrinin üstünə tökülür, göz yaşları içində pıçıltı ilə sanki səninlə söhbət edirəm...
Xatirələr çözülür...
* * *
Rejissor Füzuli Yavərin bədii yazılarını oxuyarkən...
Dünyanın cənnətəbənzər guşələrindən biri...
Azad dünyanın azad bir məkanı və bu azad məkanın azad bir sakini oturub xəyala dalıb. Baxışları ucsuz-bucaqsız göylərə zillənib, bir az öncə göyə uçurduğu çərpələngə dikib gözlərini. Bu sısqa, cılız uşaq gözünün üstünə tökülən şabalıdı saçlarını əlinin dalı ilə kənara itələyib uçan, buludlara millənən çərpələngə baxır heyran-heyran...
Çərpələng uçur, uçur... qara buludları yara-yara işığa doğru uçur...
* * *
...İnsanın içində də meşə ola bilərmiş sən demə, çölündə olduğu kimi, elə təbiətin özündəki kimi...
Bu içdə boy atmış meşənin də ağacları elə təbiətin ağacları kimidir... yaşıl meşə, yaşıl ağaclar, çiçək açmağa, böyüməyə, qol-budaq atmağa haqqı olan ağaclar...
İnsanın içi də cənnət olarmış, Allah! Eheyyy... insan oğlu! Toxunmayın bu ağaclara! Kəsməyin bu ağacları, qırmayın bu qeyri-adi canlıları! Zümrüdü otları taptamayın. Yox etməyin çiyələkli talaları, zümrüdü çəmənləri, bu kövrək, zərif gülləri, çiçəkləri, gurultuyla axan dağ çaylarını! Məhv etməyin bu yaşıl, cənnət dünyanı...
Arıq, sısqa bu uşağın harayını eşidin, ey insanlar!..
Çərpələng uçur, uçur. Ağ çərpələngin belində havalanan arzular səadətə qovuşacaq. Çərpələngin yolu qara buludlardan keçir, davam edir...
* * *
Qəbələ şəhərinin yaxınlığındakı balaca Cığatelli kəndində dünyaya göz açıb Füzuli Yavər (Sərkərov). Orta məktəbi bitirib İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olur, teatr sənətimizin dahisi Mehdi Məmmədovun sinfində oxuyur, bu böyük sənətkarın sevimli tələbəsinə çevrilir... Təyinatla M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndərilir. Düz 20 il bu teatrda aktyor, quruluşçu rejissor, baş rejissor kimi çalışır. 50-ə qədər milli və xarici dramaturqun pyesinə quruluş verir. Bu tamaşaların uğurluları, uzunömürliləri də olur, uğursuzları da olur. Təkcə ilk işi olan (həm də diplom tamaşası) "QAÇIRILMIŞ QIZ" (C.MƏMMƏDOV), düzgün statistika apaılsaydı, bəlkə də 500 dəfədən çox oynanılıb.
* * *
...İçəridəki bu haray niyə eşidilmir görəsən? Ətrafda bir kimsə yoxmu məgər? Şairin içindəki yaşıl dünyanı kimlər xarabazara çevirdi belə? Hanı indi o yaşıl ağaclar, zümrüdü otlar, zümzüməli çaylar, cəh-cəh vuran meşə sakinləri? Cəhənnəmə çevrildi yamyaşıl aləm.
Kəsildi, qırıldı ağaclar, öldürüldü meşə. Kəsilmiş ağaclar meyidlər kimi sərildi yerə. Kəsik gövdələr baş daşları kimi...
Eşidilmədi şairin harayı. Qayalara dəydi, daşlara çırpıldı. Çilikləndi bütün ümidlər... Yalnız yanıq dolu, təəssüf dolu bir pıçıltı, haray:
"Heyf! Heyf!.."
* * *
Sevimli yazıçısı həkim Çexov deyirdi: "Təbabət mənim qanunu arvadım, ədəbiyyat isə... məşuqəmdir." Füzuli hərdən bu "təbabət" sözünü "teatr" sözü ilə dəyişərək gülümsəyərdi.
Ancaq qələmindən iki roman, bir neçə povest, onlarla hekayə, yüzdən çox mənsur şeir, iyirmiyə qədər pyes, səhnələşdirmə, bir neçə kino ssenari çıxsa da o, heç zaman özünü yazıçı hesab etməyib. "Bu çox ağrılı, əzablı sənətdir" deyir, "Mən ancaq canıma xəstəlik kimi hopmuş mövzulardan qurtulmaq xatirinə yazıram, yalnız özüm üçün yazıram" deyir. Bəlkə elə buna görədir ki, o yazdıqlarını üzə çıxartmaq, onları kitab halında çap etdirmək istəmir. Bununla belə, respublikanın bir sıra nüfuzlu "Azərbaycan", "Ulduz", "Aərbaycan qadını", "Qobustan" kimi jurnalları, ədəbi qəzetləri onun yazılarını, özü demişkən, "nöqtə-vergülünə belə toxunmadan" dərc ediblər, pyesləri televiziyada, radioda oynanılıb, səhnələrdə oynanılıb. Son zamanlar isə ədəbi saytlar da onun yazılarına məmuniyyətlə yer ayırır. Bir sıra portallarda elektron kitabları var.
Füzuli qəribə yazıçıdır. Onun yazılarında ənənəvi konfliktə, münaqişələrə, mənfi qəhrəmanlara rast gəlmək mümkün deyil. O, deyir:
"Bəli, bizi aldadıblar, həyat - mübarizədir, deyə.
Həyat mübarizədir - doğrudur,ancaq bu mübarizə başqaları ilə yox, insanın özü ilə olmalıdır, özünün ən pis cəhətlərilə, naqisliklərilə, insana yaraşmayan xüsusiyyətlərilə, taleyilə...
Nə qədər ki, insan başqaları ilə mübarizə aparmaqdan əl çəkməyib, özü ilə savaşmağı öyrənməyib ”“
bəşəriyyət çətin ki,bir ağ gün görsün."
Ona görə də onun obrazları özlərilə, özlərinin naqis əməlləriylə, çatışmayan cəhətlərilə, talelərilə mübarizə aparır. Şair Məhəmməd Əli onun barəsində işlədiyi yazıda qeyd edir: "F.Yavərin yazılarını diqqətlə izlədikdə aydın görmək olur ki, o, kamil, ali insan haqqında daha çox düşünür, nə yazır-yazsın, bütün personajlarını belə insan xüsusiyyətlərilə təsvir etməyə çalışır." Magiya, ezoteriya, daha doğrusu, ezoteriyanın ali insan, altıncı irqə xas xüsusiyyətlərini daşıyan insanlar haqqındakı nəzəriyyə onun ən çox sığındığı sahədir. "Ədəbiyyat həyatın güzgüsüdür" ifadəsilə razılaşmır, hətta sevimli yazıçısı Çexovun "tendensiyasızlığını" da qəbul etmir. "Ədəbiyyat insanları olduğu kimi yox, olacaqları kimi göstərməlidir" deyir.
Füzuli profesional, geniş diapozonlu bir sənətkar, əsl xalq ziyalısı olmaqla yanaşı həm də təvəzökar, sadə, təmkinli, dostluqda möhkəm bir insandır, zahirən sakit, daxilən çılğındır, olduqca etibarlı və fəfalı dostdur, hər xırda detaldan inciyən deyil, səbrli, bağışlamağı bacarandır, son qəpiyini belə dostdan əsirgəmir, kin-küdurətdən uzağdır, nöqsanını dərhal düzəldəndir, kiminsə xətrinə dəyən deyil, olduqca maraqlı həyat baxışları var
* * *
Çərpələng uçur...
Mavi ənginliklərdə süzür, elə hey süzür...
İndi daha onu izləyən arıq-sısqa uşaq deyil, artıq boya-başa çatmış, yetkinləşmiş bir oğlandır. Sağ əlini çənəsinə dayaq verib göyə zillənən çərpələngə tamaşa edir...
* * *
Füzuli Selincer sindromlu adamdır. Tənhalığa, özünə qapılmağı çox sevir. Teatr aləminin gərginliyinə, ritminə, qələbəliyinə dözmədi. Birdən-birə hər şeyi ataraq doğulduğu balaca kəndinə qayıtdı. O, həmişə deyərdi:"Sənət adamı üçün tənhalıq, özünün özü ilə qalması ən vacib şərtdir." Bu tənhalıq ona tamamilə fərqli, yeni nəsr nümunəsi sayılacaq "Mavi bir işıq", "İlğım" romanlarını, "Talisman, yaxud fəlakətlər gecəsi", "Meşəli kəndinin yay günləri" kimi yeni teatr estetikası açan pyesləri, "Plantasiya", "Göylərdən gəlmiş qız", "Bəyaz krujeva" adlı kino povestlərini və digər irili-xırdalı yazıları verdi.
Ancaq o, içində daimi məskən salmış teatr sevgisindən uzaqlaşa bilmədi. Hal-hazırda Qəbələ Xalq Teatrına rəhbərlik edir. Burda hazırladığı uğurlu tamaşalar sayəsində bu yaradıcı truppa artıq dövlət teatrına çevrilmək ərəfəsindədir.
* * *
Füzuli Yavər əlinə qələm götürüb yazmağa başlayandan elə özünü yazdı, nədən yazır-yazsın. Sevdiyi mövzu da, açıq və ya dolayısı ilə özünü göstərən münasibət də onun təbiətini, dünyagörüşünü ifadə etdi. Əlinə qələm aldığı gündən özünü göstərən dərin müşahidə qabliyyəti, təsvir ustalığı, personajın daxili dünyasını duymaq və təqdim etmək həssaslığı və başlıcası, dilinin kolriti, bitkinliyi, dəqiqliyi də bundan xəbər verdi...
Qışda isti kimi lazımsan mənə,
yayda sərin kimi.
Səhralara yağış kimi,
zülmətlərə Günəş kimi.
Lazımsan mənə.
Lal dillərə kəlmə kimi, nəğmə kimi.
Kor gözlərə nur kimi.
Kar qulaqlara səda kimi, səs kimi.
Eh, daha necə deyim?..
Lazımsan mənə, lazımsan hər an -
nəfəs kimi,
nəfəs kimi...
Onun nəsri də, dramaturgiyası da poeziya üzərində qurulub.Nəsrdə şeiriyyətin bu qədər bariz nümunəsinə hər qələm əhlində rast gəlmək mümkün deyil. Onun bu şeiriyyəti baş alıb getmir, ifrata varmır, lakonik olur, dolğun olur, obrazlı olur. Füzuli şeiriyyəti, eləcə də digər yazıları öz daxili və xarici simasından dərhal bəlli olur. Oxuduqca içində sanki həzin, lirik, qəmli, düşündürücü bir musiqi səslənir. Baş verən hadisələr düzümü kino-lenti kimi gəlib gözlərin önündən keçir.
* * *
Çərpələng uçur... göylərə bülənd olub. Vətən dağlarının şahı olan "Şahdağın" başı üzərində dövrə vurur. Elə indicə dağları aşıb çox-çox uzaqlara gedəcək...
Aşağıda "Şahdağ". Və uca dağlar silsiləsi. Ətəkləri meşəli sıldırım qayalar, dÑx8drin, keçilməz dərələr.
Bir qayaya kürəyini söykəmiş yetkin yaşlı bir müdrik uçan çərpələngə baxa-baxa xəyala dalmışdır...
P.S. Füzulinin ilkin pyeslərindən birinin adı "Ağ çərpələnglər" idi.
Çərpələng ömür boyu onun ən çox sevdiyi obraz olub. Əlçatmaz
göylərə, arzulara can atan ÇƏRPƏLƏNG...
* * *
Son söz əvəzi.
Göylərə millənən çərpələng uçdu, uçdu və birdən yox oldu, sonsuzluğa çəkildi...
Sən də uçurduğun çərpələng kimi qəflətən müvazinətini itirdin, çərpələngin arxasınca baxa-baxa torpağa diz çökdün və ömrünü bir yığın əsərlərinə bağışladın, bir də səni əvəz edəcək dörd oğluna...
Sən cismən torpağa dönsən də ruhən bizimlə qaldın, hər gün, hər saat qurduğun ocağın, balalarının, sevdiyin dostlarının, səni sevən oxucularının başı üzərində dolaşmaqdasan, əziz dostum, əziz qardaşım...
Məkanın cənnət olsun, Amin!..
Heybət HÖRMƏT,
Şair, "Qızıl qələm" mükafatı laureatı, "İti qələm" respublika ədəbi birliyinin və Respublika Teatr Xadimləri İttifaqının üzvü, "Ümid Press" və "Şapalaq" qəzetlərinin baş redaktoru.
































































































