Bayram günləri BU NAZİRLƏR harada olublar? – ARAŞDIRMA

Hazırda oxunan: Bayram günləri BU NAZİRLƏR harada olublar? – ARAŞDIRMA

66164

Nazirlər Kabinetinin qərarına əsasən, Bahar bayramı münasibətilə 19-27 mart tarixləri qeyri-iş günü elan olunub. Xüsusilə dövlət büdcəsindən maliyyələşən nazirliklər, qurum və müəssisələrdə işləyənlər 9 gün ərzində bolluca istirahət imkanı əldə ediblər. 

Maraqlıdır, istirahət günləri nazirlərin işinə necə təsir göstərir? Uzun müddət aktiv iş başında olan nazirlərimiz dincəlmək imkanından istifadə edərək ölkədən kənara çıxıblarmı? Yoxsa iş başındadırlar? 

Bizim.Media məsələni nazirliklərin mətbuat katibləri ilə araşdırıb. 

Bayram günləri fövqaladə vəziyyətin kəskin hal aldığı bir dövrdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov iş otağını tərk etməyib. Nazir özü mətbuata açıqlamasında bayram günlərində işbaşında olduğunu açıqlayıb. 

Digər nazirimiz Müdafiə naziri Zakir Həsənov da iş başındadır. Nazirliyin mətbuat katibi Anar Eyvazov Bizim.Media-ya açıqlamasında Zakir Həsənovun hazırda Pakistan Günü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri ilə birgə iştirak etdiyini və həmin ölkənin Quru Qoşunları komandanı general Qamar Caved Bacva ilə görüşdüyünü açıqlayıb. Bir sözlə, nazirimiz işgüzar səfərdədir. 

Bayram günləri xüsusilə, üzərlərinə çoxlu vəzifə düşən güc strukturları - Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, Baş prokuror Kamran Əliyev də iş başındadır.

Təhsil naziri Emin Əmrullayev və Səhiyyə naziri Teymur Musayevin bayram günlərində harada olduqları barədə isə mətbuat katibləri sorğumuzu belə cavablandırıblar. 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov sualımıza “məlumatım yoxdur”, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev isə Teymur Musayevin adi günlərdə olduğu kimi bayramda da iş başında olduğunu deyib.

Əmək və Əhalinin Sosial Müdafəsi naziri Sahil Babayevin istirahət günlərini necə keçirməsi ilə bağlı məlumat əldə edə bilmədik.

Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarova isə Anar Kərimovun bayram günlərində harada olmasından xəbərsiz olduğunu deyib. 

Xarici İşlər naziri Ceyhun Bayramov da bayram günlərini işə həsr edib. Martın 21-də nazirimizin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı baş tutub.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev hazırda da iş başındadır. Bu barədə saytımıza nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə nazir başda olmaqla müxtəlif sahələrlə bağlı aktiv fəaliyyətlərini davam etdirirlər. 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun istirahət imkanından necə istifadə etməsini öyrənmək çətin olub. Qurumun mətbuat katibi telefonlarımıza cavab verməyib. 

Maliyyə, Gənclər və İdman, Ədliyyə, Vergilər, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri ilə isə ümumiyyətlə əlaqə yaratmaq mümkün olmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin